Sabir bəy, bəs tənqid hanı?

Iş elə gətirib ki, hərdən biz də ölkəmizin parlamentində nəyinsə danışıldığına diqqət ayırır, maraq göstəririk. Hərdən bir. Təzadlıdır, amma səbəbi hamıya aydındır, siyahı ilə seçilmiş bir parlamentə diqqət kəsməyə də dəymir. Parlament prezident hakimiyyətinin əlavəsi kimidir. Çünki orada deputat olmağa layiq olanlar da, hətta xalqdan səs alanlar da Ilham Əliyevin siyahısına düşə bildiyi üçün deputat ola biliblər…
Gəlin, bu köhnəlməyən və yeni olmayan söhbətə ilişib qalmayaq. Bu günlərdə həmin Milli Məclisdə maraqlı bir çıxışa rast gəldim. Bu, VHP sədri Sabir Rüstəmxanlının çıxışı idi. Mən gizlətmirəm, mövcud parlament reallığında xeyli diqqətimi çəkən bir çıxış idi. Ilham Əliyevin mədhiyyələrə büründüyü, tənqidə dözümsüzlüyü, tənqidi boğması hansısa formada bu çıxışda ifadə edilmişdi.  Sabir bəy üzünü Ilham Əliyevə tutaraq dedi ki, mədhiyyələrdən özünüzü qoruyun və tənqiddən qorxmayın. Onu da dedi ki, tənqid inkişaf üçündür, inkişafa köməklik edən məsələdir. Düzdür, çıxış özü tənqidi ruhda deyildi, hətta o çıxışın özünü xeyli tənqid etmək olar. Amma yenə də diqqət çəkən bir çıxış idi.
Yeri gəlmişkən, o çıxışı necə var yazıya əlavə edirəm ki, hamı özü saf-çürük etsin: “Sonra mən üzümü Ilham Əliyevə tuturam, rəhmətlik atanız Heydər Əliyev deyirdi ki, “mənim çörək verdiyim çox adamlar bəzən mənə qarşı çıxırlar”“”. Mədhiyyələrdən özünüzü qoruyun, tənqiddən qorxmaq lazım deyil. Tənqid inkişaf üçündür, inkişafa köməklik edən məsələdir. Tənqiddən qorxmaq lazım deyil. Niyə Milli Məclisdə bu gün deyilmir ki,  bir qrup məmur xalqa qarşıdır? Xalqa qarşı olmaqla elə o, Ilham Əliyev, Heydər Əliyev siyasətinə qarşıdı”r”“””.
Bir daha xatırladım ki, başqa halda mən sözə bu çıxışın özünü tənqiddən başlayardım. Çünki nə qədər əhəmiyyətli olsa da, “Ilham Əliyev yaxşıdır, ətrafı pisdir”“” prinsipindən uzağa getmir. Axırıncı cümlə isə adamı məhv edir: belə çıxır ki, məmurların xalqa qarşı olması Ilhama Əliyevə, Heydər Əliyevə qarşı olduğuna görə pisdir. Amma yenə də deyirəm, mədhiyyələrin mövcudluğunu, tənqidlərə pis münasibəti xatırlatmaq baxımından bu çıxışa böyük əhəmiyyət verdim. Və gözlədim ki, bunun ardınca tənqidlər gələcək. Amma tənqiddən xəbər yoxdur.
Odur ki, mən də üzümü Sabir Rüstəmxanlıya tuturam. Sabir bəy, hanı sizin özünüzün elədiyiniz tənqid? Əvvəl yox idi, bəs həmin çıxışdan sonra niyə yoxdur? Bəli, tənqid yaxşıdır, tənqid etmək faydalıdır, bəs Siz niyə etməyəsiniz bunu? Başqaları niyə etməsin? Deyirsiniz ki, tənqid inkişafa kömək edir. Onda siz niyə inkişafa kömək etməyəsiniz?
Sabir bəy, bilirəm ki, bu suallar sizi tənqid etmək kimi görünür, amma bu sualları mən incə bir mətləbi açmaq üçün verirəm. Bilirsinizmi Ilham Əliyev niyə tənqidə dözümsüz yanaşır? Asta-asta hamı tənqiddən yayındıqca, istənilən hakimiyyət, istənilən rejim, istənilən padşah, istənilən bəndə tənqidə daha da dözümsüz olur. Görəndə ki, ölkənin tanınmış ziyalıları onu tərifləyir, yaxud tənqid etmir, onda istənilən tənqidə ən amansız gözlə baxır. Illərdir bu hakimiyyəti, eləcə də Ilham Əliyevi, ondan qabaq atasını tənqid etməməklə yemləyib o cür böyütmüsünüz. Səhvlərin, günahların, cinayətlərin üstündən keçmisiniz. Yola vermisiniz, yaxud tərifləmisiniz. Nəsə deyiləndə də, bir qrup məmurun üstünə atmısınız. Cinayəti, qanunsuzluğu ən yaxşı halda “Bu, Heydər Əliyevin siyasətinə ziddir”“”, “Azərbaycanın imicinə mənfi təsir edir”“” kimi qələmə vermisiniz. Hələ tərifləri demirəm. Bununla belə, mən onların məsuliyyətini onları tənqid etməyənlərin üzərinə atmıram. Amma nəticə də budur, indi ona yaxın gedib söz deyə bilmirsiniz. Durub Məclisdə tənqid etmək əvəzinə, deyirsiniz tənqid yaxşı şeydir. Yaxşıdır, eləyin! Görürsünüz ki, vəziyyət artıq elə həddə çatıb ki, yayınmağa, yola verməyə, yan keçməyə imkan yoxdur. Dilimizi korlayanları tənqid etmək olar, amma həyatımızı korlayanları da tənqid etmək lazımdır.
Odur ki, mən sizin tənqidlərinizi sayğı və səbirsizliklə gözləyəcəyəm…