Qəzzafi demişdi ki, Misir hadisələri bizdə təkrar oluna bilməz…

Mentalitetimizin böyük aşiqlərindən biri Əli Həsənov Ilham Əliyevin Dubay mülkləri ortaya çıxanda xalqımızın müdrik kəlamlarından birinə istinad etmişdi, demişdi ki, başqasının pulunu saymazlar. Amma 2005-ci ildə bunların özlərinin Əli Insanovun pullarını necə saydıqlarını hamımız yaxşı xatırlayırıq.
Dünən Qəzzafinin gəbərməsi barədə xəbər gələndə mənim yadıma xalqımızın daha bir müdrik kəlamı düşdü: “Ölünün arxasınca pis danışmazlar”. Mən bir dəfə bu atalar sözü barədə yazmışdım. Yazmışdım ki, əvvəlcə qoy ölünün özü vaxtında bu haqda fikirləşsin, canı çıxsın, zəhmət çəksin diriykən elə əməllərlə məşğul olsun ki, öləndə arxasınca pis danışılmasın.
Liviya xalqı 40 il Qəzzafinin dirisi haqqında pis danışmaq haqqından məhrum edilmişdi. 40 il Qəzzafinin dirisi barədə güldən ağır söz deyənin ən böyük tikəsini qulağı boyda eləyirdilər. Indi Liviya xalqı heç olmasa, onun ölüsünün arxasınca pis danışmalı deyil? Heç olmasa, Qəzzafinin ölüsünün arxasınca pis danışmaq haqqı da yoxdurmu insanların?
Bəli, dünən bəşəriyyət özünün son cəlladlarından biri ilə vidalaşdı. Keçən il bu vaxtlar kimə desəydin ki, bir il sonra dünyada nə Mübarək olacaq, nə Qəzzafi, sənə gülərdilər, sənə psixoloqa müraciət etməyi məsləhət görərdilər. Cəmi 6 ayın içərisində dünyanın bütün avtoritar, ədalətsiz, qaniçən rejimlərinin iki ən mühüm ilhamvericisi tarixin zibilliyinə atıldı. Birini – Mübarəki heyvan qəfəsində məhkəməyə aparıb-gətirirlər, o birini – Qəzzafini isə kanalizasiya quyusundan tapdılar.
Hər ikisi çox simvolikdir. Hüsnü Mübarək faktı əslində, onun kimi məxluqlar barədə insan olaraq bəhs etməyin mümkünsüzlüyünə işarədir. O deməkdir ki, Mübarək və Mübarək kimilər daha çox zooloji varlıqlardır, hər cür ağıldan, zəkadan məhrumdurlar, belələrinə yaraşan elə heyvan qəfəsləridir.
Qəzzafi faktı – yəni onun kanalizasiyadan tapılması isə, ümumiyyətlə, bir fenomendir. Simvolikadır, mistikadır…
Onu deyirdim axı, bir il əvvəl bu gün baş verənləri heç kim proqnozlaşdıra bilməzdi. Hələ-hələ ərəb dünyasının ayaqlanması heç kimin ağlına gəlməzdi. Bir il əvvələdək dünyanın mümkün inqilab ocaqları arasında bir dənə də ərəb ölkəsinin adı çəkilmirdi. Iranın, Çinin, Rusiyanın, bəzi Latın Amerikası ölkələrinin adı çəkilirdi. Hətta Azərbaycanın da adı çəkilirdi. Amma ərəb ölkələri… Bunu təsəvvür etmək belə, heç kimin ağlına gəlmirdi.
Amma buyurun, ərəb xalqları dünyanın yeni istiqamətini müəyyənləşdirir. Ağzı qıfıllanmış, qandallanmış toplumların ümid və güvəncinə çevrilir.
Bu bütün anti-xalq, anti-demokratiya rejimlərinin başçılarına bir siqnal, bir görk, bir ibrət, bir dərs olmalıdır. Artıq yalnız əcəl deyil, inqilab da xəbərsiz döyür qapını. Kimi harda, nə vaxt yaxalayacağı məlum deyil.
Istibdad rejimləri Liviyadan son görüntüləri diqqətlə izləməlidirlər. Qəzzafinin cəsədinin küçələrdə sürüdülməsinə dönə-dönə baxmalıdırlar. Vaxt vardı, Liviya küçələrində sadə vətəndaşları sürüyürdülər, amma indi Qəzzafinin özünü sürüyürlər. Nəticə çıxarmaq lazımdır. “Liviya hadisələri bizdə təkrar oluna bilməz” kimi nağılları yığışdırmaq lazımdır. Ona qalsa, Mübarəkin taxtı başına uçurulanda Qəzzafi Suriyanın dövlət telekanalına müsahibə verib “Misir hadisələri Liviyada təkrar oluna bilməz” demişdi.
Amma Misir hadisələri Liviya cəhənnəm, müsahibə verdiyi telekanalın yayıldığı ölkədə də təkrar olundu. Ciddi məsələdir, anlamaq lazımdır.
Ağlını başına yığmaq, millətin iradəsinə sayğı duymaq, hüquqa və azadlıqlara hörmətlə yanaşmaq lazımdır.
Bütöv bir ölkəni bir ailənin hegemoniyasına çevirməkdən vaz keçmək lazımdır.
Ziyanın yarısından qayıtmaq da xeyirdir – hakimiyyəti zor gücünə əldə saxlayıb cinayətlərinin, günahlarının üstünə yenilərini əlavə etməkdənsə, üzüsuluykən çıxıb getmək lazımdır.
Bir müddət əvvəl məlumat yayıldı ki, ölkəmizdə kanalizasiya sistemini yenidən qurmaq üçün 8 milyard manat ayrılacaq. Inanın ki, bu, heç nəyi həll etmir.
Əvvəlcə Liviyadakı kanalizasiyadan verilən mesajı yaxşı oxumaq lazımdır.