Zərdüşt Əlizadə: «O, Avrasiya Ittifaqı ideyasını ortaya atmaqla seçki təbliğatı qurmağı düşünür»
Rusiyanın baş naziri Vladimir Putin maraqlı təkliflə çıxış edib. Putinə görə, Rusiya bir sıra qonşu ölkələrlə Gömrük Ittifaqı və Vahid Iqtisadi Məkan əsasında Avrasiya Ittifaqı yaratmalıdır. Bir sıra ekspertlər hesab edir ki, bu yeni təşkilat SSRI-nin yenidən bərpasına cəhddir. Bundan başqa, Avrasiya Ittifaqını Avropa Birliyinə alternativ kimi görənlər də var.Politoloq Zərdüşt Əlizadə bildirdi ki, millətlərin, dövlətlərin müxtəlif birliklərdə bir araya gəlməsində problemli məsələ yoxdur. Hazırda dünyada bir neçə bu cür nüfuzlu birliyin olduğunu deyən Z.Əlizadə əlavə etdi ki, onlara misal olaraq Avropa Birliyini, ABŞ-Kanada və Meksikanın birliyini, Latın Amerikası ölkələrinin formalaşdırdığı təşkilatı göstərmək olar. Vaxtilə SSRI də bu tip birliklər sırasında idi. SSRI-nin dağılma səbəblərinin hamıya məlum olduğunu deyən Z.Əlizadə əlavə etdi ki, Putinin Avrasiya Ittifaqı ideyası məhz SSRI-nin bərpası cəhdidir: “Ukraynanın sabiq prezidenti belə bir açıqlama vermişdi. SSRI-ni bərpa edənin ağlı, amma onu unudanın ürəyi yoxdur. Putin isə hesab edir ki, SSRI-nin dağılması 20-ci əsrin ən böyük geosiyasi faciəsi olub. Putinin niyyətinin arxasında duran məqsədlərə baxdıqda bu ideyanın nəyə söykəndiyini görmək olar. Putin bu ittifaqı qurmaq fikrində deyil. Sadəcə olaraq, o, bu bəyanatı seçkiyə qatıldığı üçün verib. Bu, sırf seçki kampaniyasına xidmət edir”.Postsovet dövlətlərinin əksəriyyətinin rəhbərliyinin korrupsiyaya, avtoritarizmə başının qarışdığını deyən Z.Əlizadə bildirdi ki, bu baxımdan onlar Rusiya ilə belə bir birlikdə sıx münasibətlərdə maraqlı deyillər. Digər tərəfdən Z.Əlizadə sonda vurğuladı ki, Rusiyanın Avrasiya Ittifaqını reallaşdırmaq üçün potensialı da yoxdur.
Xəyal