Ilham Əliyev də “Əl-Cəzirə”yə müsahibəsində deyib ki, müxalifət liderləri istefa versin. Yəqin müxbir səbəbini soruşsaydı deyərdi ki, illərdir müxalifətçilər seçkidəki qələbələrindən “imtina” edirlər, partiya qərargahlarında oturmaqdan darıxıb ofislərdən imtina edirlər. Əli Kərimli xaricə getmək istəmədiyi üçün pasport almaqdan boyun qaçırır, mitinq üçün meydanlar təklif edilsə də ərindiklərindən bir yerə yığışmaq istəmirlər və hər dəfə partiya qurultaylarında seçkini saxtalaşdırmadan sədr seçilməklə demokratiyanı istismar edirlər.
Bütün bunların səbəbkarı müxalifət liderlərinin məsuliyyətsiz yanaşması və yaradılmış demokratik şəraitdən istifadə etmək istəməmələri ilə bağlıdır. Bir də ki, müxalifətçilər mitinqə çıxıb döyülməkdən zövq alırlar, nəticədə onların əzabının ağrısı iqtidarın insanlıq duyğularını narahat edir. Bütün bunlara görə müxalifət liderləri istefa versələr, yaxşı olar.
Amma müxalifət liderlərinin istefa verməsini zəruri edən səbəblər bununla bitmir, təbii və müxbir bir az israr edib istefa səbəblərinin bir-bir və geniş açıqlanmasını xahiş etsəydi, ortaya elə mətləblər tökülərdi ki, müxalifətin kimliyi tam üzə çıxardı.
Məsələn, deyilərdi ki, müxalifət bütünlükdə mentaliteti pozur, hakimiyyətin bütün etdiklərini yazır, hər şeyi ortaya töküb bizi biabır edirlər ki, vay aman, iqtidar ölkənin sərvətlərini taladı. Axı Azərbaycanda kiminsə dalınca danışıb dedi-qodu etmək kimi adəti yoxdur. Amma müxalifət dedi-qodu, qarayaxma ilə məşğuldur, hər gün qəzetlərində bol-bol hakimiyyətdən yazır, dalımızca danışır. Bu, milli dəyərlərimizə ziddir. Xalqımız bundan zərər görür və müxalifətə çox qəzəblidir.
Qarabağ məsələsinə gəlincə, müxalifət burda da məsələyə yüksək dəyərlərlə, qardaşlıq prizmasından baxa bilmir, çünki biz hakimiyyət olaraq məkanla o qədər də maraqlanmırıq, Qarabağ bizdə olsun, ya ermənilərdə, nə fərqi var, biz qardaş deyilikmi? Amma müxalifət Qarabağ deyib durub ki, yox ey, bizdə olmalıdır ki, bizdə… Indi siz deyin, bu, qardaşlıq və insanlığa yaraşan bir işdirmi?! Həm də Azərbaycan xalqının tolerantlığını zədələyən bir hərəkətdir ki, müxalifət “torpaqdan pay olmaz” deməklə insanlarımızın əliaçıq olmasını əngəlləyir.
Azərbaycanda böyüyün üzünə ağ olmamaq kimi gözəl bir adət var. Müxalifət və onun liderləri bu adətimizi də pozur. Madam ki, biz bu ölkədə böyüyük, onda hamı da bizim dediyimizlə oturub durmalıdır, müxalifət nə edir, böyüyün üzünə ağ olur. Biz də məcbur olub böyüyün sözünün qabağına söz deyənləri həbs edirik, bundan sonra da başlayırlar ki, ay nə bilib, insan haqqı, azadlıq… Əslində biz kiminsə haqqını əlindən almırıq, əksinə hamıya öz yerini göstərib bildirmək istəyirik ki, ölkədə söz sahibi bizik və bizim üzümüzə ağ olmaq olmaz. Biz deyirik ki, insandan əvvəl olan bizim sözümüz pozulmamalıdır ki, adətlərimiz yerini tapsın. Yaxud seçkinin saxtalaşdırılmasını deyirlər, amma biz kiminsə haqqını tapdamırıq, əksinə vətəndaşlarımızın haqqını qoruyuruq, onların istirahət etməsi üçün daha çox zaman qazanmasına şərait yaradırıq. Seçki günündə havanın istisi, yağışı var, vətədaş niyə əziyyət çəkib hansısa bir kağız parçasını qutuya atacaq deyə rahatlığını pozmalıdr, bəs biz məmurlar nədən ötrü iş başındayıq? Xalqa xidmət etmək üçün… O boyda seçkinin bütün ağırlığı, o qədər bülleteni işarələyib vətəndaşın əvəzinə qutuya salmaq asan işdirmi, amma məmurlarımız bunun öhdəsindən illərdir ki, ən yuxarı səviyyədə gəlirlər. Vətəndaşımız da bu zaman istirahət edir. Amma bunun vətəndaşın xeyrinə olduğunu müxalifətə başa salmaq olmur ki, olmur…
Azərbaycan Islam ölkəsidir və dinimizdə başqasının malını hesablamaq, çək-çevir etmək olmaz, günah sayılır. Amma siz bir müxalifət qəzetlərinə baxın, gündə bizim milyonların hesabı gedir, villalar tikdirdiyimizi yazırlar. Biz villa tikirik, düzdür, amma yığdığımız pulların hamısını xarici banklarda saxlaya bilmərik axı? Villa tikməliyik ki, insanlara iş yeri olsun. Villa, saray tikəndə mütəxəssisləri xaricdən gətirsək də, fəhlə, qara işlərdə yerlilər çalışır, bununla biz insanlarımızın qayğısına qalırıq ki, yeməyə ən azı bir tikə çörəkləri olsun. Amma müxalifət yazıq qara camaata bunu da çox görür.
Bir sözlə, bu müxalifətin ölkəyə vurduğu zərbələri deməklə bitməz, nə bilim yolu ildə iki dəfə sökürük, zavod tikmirik… Neft pullarını oğurlayırıq… Binalara daş döşəməsək, parkları ildə iki dəfə söküb yenidən təmir etməsək bəs onda inkişafımızin analoqsuz olduğunu düşmənlərimizə necə göstərə bilərik?! Bu müxalifətin idarəçilik haqqında təsəvvürü çox dardır və elə buna görə də liderləri istefa verməlidir…
Müxalifət liderləri istefa verməlidir?
•