“Müstəqil” qəzet çıxarmağın “şirinliyi”

Dünəndən özümə yer tapa bilmirəm. Gözlərimi yumub keçənlərə qayıdıram. Yola baxıram. “Azadlıq”ın keçdiyi yola. Bu qəzetdə olduğum 20 ildə burdan gəlib keçənləri xatırlayıram. Qəzetin çoxları üçün tramplin rolunu oynadığını, kimlər üçünsə vasitə olduğunu göz önünə gətirirəm. Mənə rahatlıq verməyən qəzetlə bağlı yayılan bir informasiyadır.
Mətbuat Şurası “Baksell” və ARDNŞ-nin dəstəyi ilə “Dövlət müstəqilliyimiz və media” adlı tədbirini Gəncədə keçirib. Bu yazını yazmağa məni məcbur edən media-maqnat olmaq iddiasını ortaya qoyan, məmur-oliqarxa çevrilmək yolunda olan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun tədbirdə dedikləridir. Niyə, o, qəzetimizin adını yaxşı mənada çəkib?! Niyəsini bilmirəm, onu da bilmirəm ki, o, əvvəlcə “Azadlıq”ın, yoxsa “Yeni Müsavat”ın adını çəkib. Yayılan informasiyalarda gah o, gah da bu ad birinci çəkilir. Qəliz məsələdir. Bu gün mətbuatın problemlərindən uzaq düşüb daha çox azad mətbuata düşmən hakimiyyətin bir qurumu kimi çıxış edən Mətbuat Şurasının həmin tədbirində Vüsalə Mahirqızı müstəqil mediadan, Əli Həsənov söz azadlığından danışıb. Buna taleyin ironiyası da deyirlər. Gəncənin icra başçısı Elmar Vəliyev də yəqin insan haqlarından, vətəndaş-məmur münasibətlərindən, bir şəhərin necə xaraba qoyulmasından mühazirə oxuyub…
Hakimiyyətin bayrağının altından keçib “müstəqil” qəzet buraxan bir çox redaktorlar da həmin tədbirdə iştirak edib. Yəqin onlar da çıxışlarında “müstəqil” qəzet çıxarmağın “şirinliyindən” ağız dolusu danışıblar. Bu tədbiri onlar üçün həm də hakimiyyətin media üzrə kuratoru Əli Həsənovun iştirakı maraqlı edib. Yeni vədlər, yeni tapşırıqlar, yeni layihələr. Bir sözlə, müstəqilliyin keyfini çıxarıblar…
Gəncədə tədbir keçirilən, medianın müstəqilliyi və hakimiyyətin ona yaratdığı şəraitdən, geniş imkanlardan danışılan gün Bakıda müstəqil “Xural” qəzeti haray çəkir, qəzetin əmlakını müsadirə etməyə gələn məhkəmə icraçıları ilə danışıqlar aparmağa son cəhdlər edirdi. Artıq bildiyiniz kimi bu cəhdlər nəticə vermədi və gündəlik qəzetin əmlakı (əslində, ona əmlak deməyə də adamın dili gəlmir; bir neçə kompüter, printer, bir diktafon və s. – red.) müsadirə olundu. Mətbuat Şurasının bundan xəbər tutub-tutmadığını, bu məsələni operativ şəkildə elə Gəncədəki tədbirdəcə qabardıb-qabartmadığını bilmirəm, məlumatım yoxdur, amma müstəqilliyimizin 20-ci ilində bir müstəqil qəzetin bağlanmaq təhlükəsi qarşısında olduğunu dəqiq bilirəm…
Küçük qulaq kəsəndən qorxar
It, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalarına Nazirlər Kabineti dəyişiklik edib. Sənədə əsasən, ev heyvanlarının xarici görkəmini dəyişdirmək məqsədilə və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaq kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması və s. – red.) aparılması məhdudlaşdırılıb.
Xəbəri oxuyandan xeyli sevinmişəm. Sən demə, bu ölkədə Nazirlər Kabineti də varmış və o, qərarlar vermək, hansısa hüquqları qorumaq gücündəymiş. Heyvan hüquqları olsa belə. Ümidləndim ki, heyvanlarla bağlı bu qaydalar işə düşəndən sonra Artur müəllim insanlarla bağlı da hansısa qərarlar verəcək…
Bir məsələdə ilişdim, açığı “devokalizasiya”nın nə olduğunu bilmədim və bu sözü axtarışa verdim. Kaş verməyəydim. Bəlli oldu ki, NK heyvanlarla bağlı bu qərarı 9 mart 2011-ci il tarixində verib. Amma bütün başqa qərarları kimi ictimaiyyətə indi bəlli olub. Allah bilir, o qərardan sonra nə qədər quyruqlar, qulaqlar kəsilib, neçə it-pişik “devokalizasiya” edilib.
Ha çalışdım, kəsdirə bilmədim, APA xəbəri indi niyə yayıb?!
P.S. Dünən Qəzzafinin qulağının kəsilməsi xəbəri də yayıldı. Hakimiyyətdən dördəlli yapışanlar üçün ciddi dərsdir.  Allah betərindən saxlasın.