Əliyev NATO-da sorğu-sual ediləcək

Zəfər Quliyev: «Hakimiyyət, iradəsinə zidd olsa belə, Avroatlantik məkana inteqrasiya ilə bağlı müəyyən addımlar atmağa məcbur olacaq»

NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan prezidenti Ilham Əliyevi alyansın Brüsseldəki baş qərargahına dəvət edib. Bu barədə “MilAz” Informasiya Agentliyi məlumat yayıb. Azərbaycan prezidentinin noyabr ayının əvvəllərində Brüsselə yola düşməsi gözlənilir.
Səfər çərçivəsində Ilham Əliyev Şimali Atlantika Şurası ilə görüş keçirəcək, NATO ölkələrini təmsil edən səfir və diplomatların suallarını cavablandıracaq. Məlumatlara görə, səfərdə məqsəd Azərbaycanın NATO ilə mövcud və perspektiv əməkdaşlıq vəziyyətinə aydınlıq gətirməkdir. Eyni zamanda ölkədə demokratik və iqtisadi vəziyyət də görüşdə diqqət mərkəzində olacaq.
Son vaxtlar Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq aləmdən mesajların intensivləşdiyini deyən siyasi ekspert Zəfər Quliyev bildirdi ki, Bakıdan ciddi demokratik islahatlara getmək, Avropa Birliyinin standartlarına uyğunlaşmaq tələb olunur. AB-nin Varşavada keçirilən son tədbirinin də Azərbaycana qarşı sərt mesajlar baxımından mühüm əhəmiyyət daşıdığını deyən Z.Quliyev vurğuladı ki, Azərbaycandan üzərinə götürdüyü öhdəliklərə riayət etməsi dönə-dönə tələb olunur. Son bir neçə həftədə Bakıya iki mühüm səfərin olmasını xatırladan Z.Quliyev bildirdi ki, onlardan birincisi Fransa prezidenti Nikola Sarkozinin, ikincisi ABŞ dövlət katibinin müavini Vilyam Börnsün gəlişidir: “Artıq beynəlxalq təşkilatlar və aparıcı Qərb ölkələri anlayırlar ki, həm Azərbaycandakı sabitliyi, həm də öz maraqlarının qorunmasını uzunmüddətli etmək üçün ölkədə siyasi dəyişikliklər olmalıdır. Azərbaycan total korrupsiyaya uğramış və sərt avtoritar rejimdir. Qərb diplomatik təzyiq vasitəsilə onu yumşaltmağa çalışır. Maraqlısı odur ki, bir ara Azərbaycan hakimiyyəti, ümumiyyətlə, Qərblə istənilən dialoqdan qaçıb, əks-təbliğat kampaniyası aparırdısa, indi rəsmi Bakı dialoqa daha çox hazırlıqlı görünür.
Azərbaycan hakimiyyəti də, görünür, başa düşür ki, dünyada böyük nüfuza sahib olan Amerikadan bu cür qorunmaq iqtidara yaxşı heç nə vəd etmir”.
Əgər bir ara I.Əliyev demokratiya tələbi səslənə biləcək beynəlxalq tədbirlərdən kənarda dururdusa, indi üzərinə götürdüyü öhdəlikləri o, tam inkar etmir: “Azərbaycan uzun müddət NATO-ya, Avroatlantik məkana inteqrasiya ilə bağlı hər hansı addım atmaq niyyətində olmadığını bəyan edirdi. Bütün bunlar NATO və Avropa Birliyi ilə öhdəlik sənədlərinin imzalanmasına baxmayaraq verilirdi. Düşünürəm ki, bundan sonra Azərbaycan hakimiyyəti, iradəsinə zidd olsa belə, Avroatlantik məkana inteqrasiya ilə bağlı müəyyən addımlar atmağa məcbur ediləcək”.

Xəyal