“Iki yol var – ya yaşamaq, ya da sürünmək…”

“Müstəqillik” hər bir xalqın tarixindən qızıl hərflərlə keçən sözdür. Müstəqillik böyük qurbanlar, ağrı-acılar bahasına qazanılmış bir dəyər olduğuna görə, yalnız bayraqla eyni anlam daşıya bilər.
Çünki bir topluma, millətə məxsus bayraq yalnız azadlığın simvolu olaraq yüksəklərdə dalğalanmaq haqqı qazanır…
Azərbaycan müstəqilliyini ən böyük əzablar hesabına əldə etmiş bir ölkədir. Yüz illərlə bu məmləkətin başında amansız oyunlar oynanıb. Müstəqillik tariximizin 20 illiyini qeyd etdiyimiz bu günlərdə belə oyunların davam etdiyini görmək insanı varından yox edir. Bu necə Müstəqillik tarixi qeyd etməkdir?..
Bu ölkənin istiqlalının qazanılmasında əvəzsiz xidmətləri olan siyasi məhbusların ailələri bir həftədir aclıq aksiyası keçirir. Məhbus ailələrinə dəstək üçün aksiyaya AXCP-nin sədr müavinləri Gözəl Bayramlı və Nurəddin Məmmədli, Ali Məclis sədrinin müavini Iradə Əliyeva, başqa cəbhəçi və müsavatçılar da qoşulub. Bütün mübarizə metodlarının sınandığı Azərbaycan mühitində bunun böyük bir effekt verməyəcəyini çoxumuz bilirik. O zaman nə etməli? “Topu-topxanası” olmayan bu insanlar öz doğmalarının haqsız həbsinə etiraz olaraq dünya tarixində sınanmış ən dinc bir forma seçiblər. Ölkənin müstəqillik tarixində xüsusi payı olan bu insanlar bir həftədir ac-susuz oturub yuxarılarda tələblərinin eşidiləcəyini gözləyirlər. Onalrın istədiyi bircə şey var – haqsız məhbəsə atılmış doğmalarının azadlığa buraxılması. Amma yuxarıdakıların çoxu da bu azadlığın bəhrəsini görüb o tarixi yazanlara nifrət edənlərdir. Onlar bu tərəfə gözlərinin ucu ilə belə baxmaq istəmirlər. Orada – yüksək kürsülərdə oturanların arasındakı müstəqillik aktının əleyhinə səs vermiş şəxsləri də tanıyırsınız…
20 illik müstəqillik tariximiz tamam olan ərəfədə bu zəfər salnaməsini yazanların birinin adı belə xatırlanmadı. Dövlət adına düzənlənən başdansovdu tədbirlərə də o günə aidiyyəti olan bircə insan belə dəvət edilmədi. Hələ “müstəqillik şərəfinə” təsadüfi adamlara orden-medal da verildi. Uzun sözün qısası, bu şanlı tarix şəhərin ayrı-ayrı parklarında sovet illərini xatırladan bayağı konsertlər və kiminsə fişəng biznesini çiçəkləndirən atəşfəşanlıqla belə yola salındı…
Burada isə vəziyyət dəyişməz olaraq qalır. Azadlıq mübarizlərinin aclıq aksiyası davam edir. 2 apreldə həbs olunan məhbusların apelyasiya məhkəməsi gedir. Bütün bu ədalətsizliklərin, zorakılıqların qarşısında yenə həmin əyilməz, cəsur insanların səsi eşidilir.
Bu aclıq aksiyasını ilk olaraq Məhbus Ailələri Komitəsinin adından cəbhəçi gənc Elnur Məcidlinin atası Arzuman Məcidli və Rüfət Hacıbəylinin atası Ibrahim Hacıbəyli başlatmışdı. Bunlar o şəxslərdir ki, gənc övladları dinc küçə aksiyası keçirdiyinə görə həbs olunub. Elnurun məhkəmədəki çıxışını xatırlayırsınız: “Azərbaycan insanının önündə iki yol var: ya yaşamaq, ya da sürünmək. Biz birinci yolu seçənlərik, bizi ittiham edənlər isə ikinci yolun yolçularıdır. Qurmaq istədiyimiz Azərbaycan korrupsiyadan uzaq, insanların mülkiyyət, sərbəst toplaşmaq azadlıqlarına hörmət qoyan bir ölkə olacaq”.
Bu da Rüfətin sözləri: “Mənim atam Qarabağ döyüşlərində illərlə iştirak edən şəxs olub, bizi evdə qanunlara, dövlətə hörmət mühitində tərbiyə edib. Belə bir tərbiyə görən adamın dövlət simvolları olan polis maşınına təpik atması necə mümkün olar?”.
Xalqların mübarizə yolu bəzən çox uzun olur. Təbii, bu yolda ölüm, həbs, işgəncə, aclıq da var. Amma müstəqillik tarixi üçün 20 il də az vaxt deyil. Yuxarıdakı acgözlər niyə bircə dəfə olsun düşünməyib ki, 20 ildir bu ölkədə insanlar niyə ancaq azadlığın acıdırlar?..