Hakimin evi məhkəmə binasından böyük olanda

“Dördmərtəbəli villanı görürsənmi, damında 3 tarelka var, onun qabağına gəl!”. Çoxdan görmədiyim keçmiş tələbə yoldaşım beləcə məni öz evinə istiqamətləndirdi. Gözəlliyi və əzəməti ilə ətrafa meydan oxuyan bu memarlıq incisini görməmək mümkün deyildi. Görüşdük və sözarası dedi ki, imarətin sahibi Bakının rayon məhkəmələrindən birinin hakimidir, mehriban və mərifətli qonşudur. Istər-istəməz gözümün önünə həmin rayon məhkəməsi gəldi – yaşayış binasının yarımzirzəmi, yarıqaranlıq alt qatı…

“Keçən il oğrular, onun şəhərdəki evində qalmasından istifadə edərək burada nə var aparmışdılar, ona görə burada tez-tez görünür”. Məlum oldu ki, bu möhtərəm hakim oğrulardan heç şikayət etməyi də lazım bilməyib, amma göründüyü kimi, cidanı çuvalda heç də həmişə gizlətmək olmur.
…Kütləvi informasiya vasitələri bu günlərdə Bakı metropoliteninin rəis müavininin evinin yağmalandığı və oradan külli miqdarda pul aparıldığını xalqa duyurdu. Və ardından da zərərçəkənin təzkibi gəldi: “Mən Yasamalda yaşayıram, Xətai rayonunda evim yoxdur, bir də məndə o qədər pul hardandır?!”…
Girişi “tolkuçka” passajını xatırladan, daxil olmaq və çıxmaq üçün qapılarını güclə tapdığımız, ticarət köşklərinin platformaya qədər uzandığı Bakı metropoliteninin rəis müavininin bu açıqlaması bir qədər gülməli görünür. 150 min manat da heç onun üçün böyük pul olmamalıdır.
…Elm ocağından çox, qohum və həmyerli birliyini xatırladan AMEA-nın rəbərlərindən birinin qızının evinin aparılması da dünən məlum oldu. Beləliklə, maraqlı hadisələrin şahidi oluruq…
Üfüqdəki mənzərə yaxşı heç nə vəd etmir
Demokratiya və islahatlardan imtina tədricən Azərbaycanı xaosa aparır. Var-dövlətin kiçik bir zümrənin əlində cəmlənməsi, monopoliya hər şeydən məhrum olan kütlənin ayağa qalxması ilə nəticələnir. Hazırda ayrı-ayrı məmurların vendettası, onların müflis edilməsi, ölkəni məmur müharibəsinə sürükləyir. Artıq imkanlı məmurların evlərinin yağmalanması kütləvi hal alıb. Işin maraqlı məqamı odur ki, istənilən oliqarx-məmur, ona “daşın hardan atıldığını” çox gözəl bilir. Beləliklə, Azərbaycan lokal iqtisadi-siyasi müharibə astanasındadır. Hələlik bu, qapalı müstəvidə, əsasən güclülərin xırdaları udması ilə nəticələnən təsiri bağışlasa da, intiqam təsiri bağışlayan zorakılıqlar onu deməyə əsas verir ki, mübarizə hələ qabaqdadır. Sonradan müflis olan qruplar bu məğlubiyyətlə barışmaq niyyətində deyillər və bu təhlükədən sığorta olunmayanlar ilə ittifaqa girməyə hazırlaşırlar.
Bizi nə gözləyir?
Hakimiyyət yorulmadan bəyan edir ki, bizi ərəb ölkələri ilə müqayisə etmək yanlışlıqdır. Bəzi məqamlarda razılaşmaq mümkündür. Ərəb ölkələrində əhali məhdud siyasi rejimdə yaşasa da, qənaətbəxş sosial rifah içində yaşayırdı. Keçmiş SSRI-də olduğu kimi, əhali pulsuz təhsil, səhiyyə, işləmək imkanlarından istifadə edirdi. Lakin ərəb xalqları demokratiya uğrunda mübarizəyə qalxdı və Qərbin dəstəyi ilə sülalə rejimlərini ard-arda tarixin arxivinə göndərməkdə davam edir.
…Azərbaycanda isə əhali bir qrup məmur ailəsinin istismarı altındadır. Polis rəhbəri mütəmadi olaraq səhnəyə çıxıb, istismara qarşı hər hansı dinc etirazın qətiyyətlə qarşısının alınacağını bəyan edir. Məmurlar isə polisə arxayın olduqları üçün istədiklərini etməkdə davam edirlər. Xalq isə, bir gün polisdən “əlini üzəcək olan” iqtidarın  məhz ondan “kömək” istəməsini gözləyir. Bu müraciət gec-tez   olacaq, çünki dəyənəklə idarə edənlərin hamısı sonda xalqdan dəstək istəməyə məcbur olub, demokratiyadan “xilas” olmaq üçün. Maraqlı olan budur ki, onların heç birinə müsbət cavab verilməyib.