Binaların istismara qəbul edilməsi məsələsi məhkəmə müstəvisinə çıxa bilər
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni tikilən binaların istismara qəbul edilməsini həyata keçirmək üçün sakinləri tikinti şirkətlərinin üzərinə qaldırır. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, tikintisi başa çatan, amma hələlik istismara qəbul edilməyən binaların sakinləri istismara qəbul üçün müraciət etməyən şirkətləri məhkəməyə verə bilərlər.
Yeni tikilən binaların istismara qəbulu Kəmaləddin Heydərov üçün prinsip məsələsinə çevrilib. Çünki burada həm qazanc, həm də başqa bir məmur – neft şirkətinin prezidenti Rövnəq Abdullayevlə mübahisə var. Yəqin oxucular xatırlayır ki, bir müddət əvvəl Rövnəq Abdullayev yeni tikilən binaların qazlaşdırılması təklifi ilə çıxış etmişdi. Əlbəttə ki, ARDNŞ prezidentinin təklifi sakinlərə qayğıdan irəli gəlmirdi. Rövnəq Abdullayev qaz korrupsiyasının miqyasını artırmaq üçün yeni binaların qazlaşdırılmasını istəyirdi. Lakin ARDNŞ prezidentinin qazancı Kəmaləddin Heydərovun maliyyə itkisi hesabına başa gələcəkdi. Çünki binalara qaz veriləcəyi təqdirdə onların istismara qəbulu məsələsi avtomatik həllini tapacaqdı. Beləliklə “fövqəlnazir”in binaları istismara qəbul etmək üçün irəli sürdüyü “şərtlər” əhəmiyyətini itirəcək və milyonlar əldən çıxacaqdı. Yeri gəlmişkən, tikinti şirkətlərinin istismara qəbul etmə ilə bağlı FHN-ə müraciət etməməsinin səbəbi Kəmaləddin Heydərovun şirkətlər qarşısında irəli sürdüyü ağır şərtlərlə bağlıdır.
Bütün bunlara görə Kəmaləddin Heydərov bu məsələdə geri çəkilmək niyyətində deyil və görünür, hesab edir ki, sakinlərin vasitəsilə tikinti şirkətlərini istismarla bağlı müraciət etməyə məcbur edə bilər.
Informasiya şöbəsi



