Zülfüqarlıların işi Avropa Məhkəməsinə gedir

Aslan Ismayılov: «Artıq birbaşa Avropa Məhkəməsinə müraciət etmək hüququmuz var»

Yüksək vəzifəli məmurların hədə, həbs və silahlı basqınla onlara məxsus zavodları ələ keçirməsi barədə iş adamı Nurəddin Zülfüqarlının “Azadlıq” qəzetinə söylədikləri cəmiyyətdə heyrətlə qarşılandı. Sahibkarlara qarşı bu cür qanunsuzluqlar indi ictimaiyyətin diqqətində olan əsas mövzulardan biridir. Iri zavodları və digər şəxsi mülkləri əlindən alınan Zülfüqarlı qardaşları hazırda baş verənlərlə bağlı məhkəmə iddiaları qaldırıb. Onların vəkili Aslan Ismayılov isə jurnalistlərə bildirib ki, hazırda baş verən özbaşınalıqlarla bağlı üç rayon məhkəməsində 7 iddia qaldırılıb. Birinci iddia 1 saylı Iqtisad Məhkəməsində, ikinci iddia Nərimanov Rayon, üçüncü isə Binəqədi Rayon Məhkəməsindədir: “Iddialar müxtəlifdir, konkret olaraq Zülfüqarlıların əmlaklarının əllərindən alınmasını, onların qanunsuz həbslərini, eyni zamanda zavodlara aid olmayan mülklərinin zəbt edilməsini özündə ehtiva edir”.

Vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsində Poladtökmə Zavodu üzrə iddia ilə bağlı beş proses keçirilib: “Yaxud elə iddia var ki, 7 proses keçirilib. Ancaq qarşı tərəfdən Rasim Məmmədovla Gəray Məmmədov iclaslara gəlmədiklərindən proses təxirə salınır. Hətta mən adlarını xatırlatdığım şəxslərin mobil telefonlarının nömrələrini, ev ünvanlarını təqdim etsəm də, bu adamları məhkəməyə gətirə bilmirlər. Dəfələrlə izah etmişəm ki, Bakı Poladtökmə Binəqədi Rayon Məhkəməsinin 10 metrliyindədir, Rasim Məmmədov da zavodun icraçı direktorudur, gedin gətirin. Sadəcə, bu adamlar toxunulmaz olduğundan hakim Tərlan Əkbərov heç nə edə bilmir, mənim hakimə yazığım gəlir”.

Aslan Ismayılov deyib ki, 1 saylı Iqtisad Məhkəməsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova qarşı iddia qaldırıb: “Səbəb odur ki, mən aylarla bu məmurlara Zülfüqarlıların əmlakının zorla alınması haqqında müraciət etsəm də, cavab verməyiblər. Ona görə də məhkəməyə müraciət etməli oldum”.

Məhkəmələr faktiki olaraq Zülfüqarlı qardaşlarının iddialarına baxmaqdan imtina edir. Amma vəkil düşünmür ki, məhkəmə prosesləri “tıxaca” düşüb: “Yol açıqdır, ancaq qırmızı işıq yanır. Yəni məhkəmə cavabdeh tərəfi prosesə gətirə bilmir. Amma mülki-prosessual qanunvericiliyə görə tərəflərin gəlməməsi səbəbindən məhkəmə baxışı təxirə salınmamalıdır. Sonuncu dəfə mən hakim Tərlan Əkbərova dedim ki, bütün respublika bu işi bilir, hətta Əmlak Komitəsinin nümayəndəsi bir prosesə gəlmişdi, sonra vəziyyətdən hali olandan sonra gəlmədilər. Baş verənlər Azərbaycan məhkəmələrində müstəqillik adlı bir şeyin olmadığını göstərir”.

Amma bu hal tezliklə aradan qalxmazsa, vəkil Avropa Insan Haqları Məhkəməsinə müraciət edəcək: “Bu cür vəziyyətlərdə mən artıq ölkə məhkəmə prosedurunu keçmədən birbaşa Avropa Insan Haqları Məhkəməsinə müraciət etmək hüququm var. Ancaq sabiq deputat Hüseyn Abdullayev məsələsinə qədər Avropa Insan Haqları Məhkəməsinə çıxmamışdım, çünki bir kompleksim vardı. Düşünürdüm ki, Azərbaycan dövlətini məhkəməyə verməyimə necə baxıla bilər?! Artıq 2010-cu ilinÿ parlament seçkilərindəki özbaşınalığın böyük miqyasından sonra bu kompleksi adlamışam. Bu saxtakarlıqdan sonra öz işimlə bağlı məhkəməyə müraciət etdim və sonuncu iş Hüseyn Abdullayevin şikayəti olub. Zülfüqarlıların iddiası da üçüncü iş olacaq”.

Informasiya şöbəsi