Müstəqillik Günündə “Heydər Əliyev”, “Heydər Əliyev”, yenə də “Heydər Əliyev” sözlərini o qədər eşitdim ki, dostlardan soruşdum: bəlkə siyasi konyunktura mənim gözlərimi tutub, Heydər müəllimin bu müstəqilliyə nə dərəcədə aidiyyəti var? Dedilər ki, Naxçıvanda ilk dəfə üç rəngli bayrağı o qaldırıb.
Tamam yoldaşlar, bu üç rəngli bayrağı qaldırmaq belə yaxşı əməldirsə, bəs Heydər Əliyev və onun səhabələri niyə o bayrağı yoxdan var edənləri tarixdən silmək istəyirlər? O üç rəngli bayrağı Milli Azadlıq Hərəkatında dalğalandıranlara qarşı tutaq ki, Heydər Əliyev və səhabələrinin opponenti olduğuna görə qısqanclıqla qarşılanırlar, bəs Rəsulzadəyə, Xoyskiyə, Topçubaşova olan qərəzə nə deyək?
Mənim rəyim belədir: Heydər Əliyevin nə qırmızı sovet bayrağına, nə də üç rəngli bayrağa heç bir hüsn-rəğbəti olmayıb. O, sadəcə, mahir konyunktura adamı olub və bu bacarığından xalqı əzmək üçün son nəfəsinədək istifadə edib.
Boyu uzun hakim
Vicdan məhbuslarının birinci dəstəsinin apelyasiya şikayətinə baxan hakim Faiq Qasımovun təxminən iki metr boyu vardı. Çox təəssüf ki, yüksək hakimlik postunda Faiq müəllimi fərqləndirən təkcə elə onun boyudur, anatomik göstəricisidir.
Hakim boy-buxunu ilə yox, ədaləti yerbəyer etməyilə seçilməlidir. Deyirlər ki, Faiq Qasımov savadlı hakimlərdəndir. Bəlkə də… Ancaq o savad ədalətli qərarların verilməsində rol oynamayacaqsa, əksinə, yalan-palanı cilalamaq üçün istifadə olunacaqsa, kaş olmayaydı.
“2 aprel”çilərin işi üzrə demək olar ki, bütün məhkəmə iclaslarını izlədim. Həmişə məni narahat edən bir sual var: axı bu hakimlər niyə özlərində cəsarət tapıb haqq-ədaləti müdafiə edən qərar qəbul etmirlər?
Bəli, onlara siyasi təzyiq var, inkar etmirəm, ancaq bu, cinayət etmək (bilərəkdən qanunsuz, ədalətsiz hökm çıxarmaq cinayətdir), insanlara zülm eləmək, lənət yiyəsi olmaq üçün nə dərəcədə əsasdır?
Mənim orta məktəbdə oxuduğum tarix kitablarını dərsdən qaçmayıblarsa, faiqqasımovların hamısı oxuyub. O kitablarda lənətlənənən Çar rejimində mübarizə aparan insanların lehinə qərar çıxaran nə qədər hakim nümunələri var. Kim iddia edə bilər ki, Rusiya Çarı indiki Azərbaycan Çarından daha mərhəmətli, o vaxtkı şərtlər indikindən daha əlverişli olub… Sadəcə, indi faiqqasımovlar öz vicdanları qarşısında hesabat vermirlər. Cəmiyyət isə o qədər zəifləyib ki, onlardan heç hesabat tələb etmək istəyinə düşənlər də yoxdur. Ictimai qınağın aşağı olması, hakimlərə sözün əsl mənasında kef çəkmək üçün şərait yaradıb.
Bu yaxınlarda bir hadisə oldu. Bəxtiyar Vəhabzadənin prokuror oğlunun iş yerini şəxsi intriqaya görə dəyişmişdilər. O, şəxsi intiriqasına görə yeni işindən imtina etmişdi. Mətbuat yazdı ki, hətta yeni işinə getmək üçün ona Zakir Qaralov təzyiq göstərib, amma xeyri olmayıb. Görürsünüz, istəyəndə olur…
Çox heyf ki, bizim prokuror və hakimlər hələ öz mənafeləri üçün israrlı, prinsipial ola bilir, ümumxalq işi gələndə isə onlar min bir bəhanənin arxasında gizlənirlər. Halbuki, gizlənmək yox, tarixin onlara verdiyi fürsətdən yararlanmaq zamanıdır. Qəhrəmana çevrilmək şansları var, bunu etmirlər. Çünki “belə gəlib, belə də gedəcək” fikrinə ehkam kimi uyublar. Dünya dörd bir yandan, tarix lap keçmişlərdən diqtə edir, bar-bar bağırır ki, belə getməyəcək, bunlarsa deyir gedəcək. Baxarıq…
Vəkilləri daha necə cəzalandıracaqlar?
“2 aprel” məhbuslarını müdafiə edən vəkillərə qarşı total təzyiqləri gördük. Pis məsəl olmasın, hamı dəli olanda mollanın yanına gedir, molla dəli olanda kimin üstünə getsin? Vəkillərin başına elə oyun açırlar ki, onlar öz haylarına güclə qalırlar. Artıq iki prinsipial vəkilin – Elçin Namazov və Xalid Bağırovun vəkillik fəaliyyətinə bir illik xitam verilib. Mən onlarla bağlı daha pis variant proqnozlaşdırıram. Z.Dzerjinski katorqada olanda məhkumlara müxtəlif orqanlara şikayət məktublarının yazılmasına kömək edirmiş. Bundan narahat olan çar üsul-idarəsi “qanunsuz vəkillik etdiyinə görə” onun cəzasını 3 il artırır. Yəqin ki, vəkillərimiz dinc durmasa, məsələn, toyda maraqsız tost dediklərinə görə də cəzalanacaqlar.
Üç rəngli bayraq belə matahdırsa…
•