«Transxəzər» layihəsini Rusiyanın təhdid etdiyini Azərbaycan hökuməti də etiraf edə biləcəkmi?
Türkmənistan Xarici Işlər Nazirliyi ölkənin energetika sahəsində Avropa Ittifaqı ilə yaxınlaşmasına münasibətdə Rusiyanın rəsmi strukturlarının tutduğu mövqenin anlaşılmaz olduğunu bəyan edib.
“Sentyabrın 12-də Avropa Ittifaqı ”Transxəzər” qaz kəməri layihəsinin hüquqi bazasına dair danışıqlar aparması üçün Avropa Komissiyasına mandat verib. Bununla da Xəzər regionundan təbii qazın Avropaya nəqlinə dair sənədin razılaşdırılması üzrə maraqlı tərəflərin iştirakı ilə danışıqlar prosesinə start verilib. Hazırda enerji bazarının suveren və bərabərhüquqlu subyektləri arasında normal, sivil əməkdaşlıq prosesi gedir. Amma təəssüf ki, bu, Rusiyanın bəzi rəsmi şəxsləri və KIV-i tərəfindən qeyri-adekvat reaksiya ilə qarşılanır”, – deyə Türkmənistan XIN-i bəyan edib.
Bununla belə, o da qeyd olunub ki, avropalı tərəfdaşlarla danışıqlar davam etdiriləcək.
Göründüyü kimi, Türkmənistan uzun müddətdən sonra ilk dəfə bu layihəyə daxil olan dövlət kimi təhdidin ünvanını açıq göstərdi. Aydın oldu ki, Orta Asiya və Xəzərin enerji resurslarını Avropa bazarına “Transxəzər” layihəsi çərçivəsində çıxarmağa tək maneə Rusiyadır.
Azərbaycan hakimiyyəti isə uzun müddətdir bu məsələdə ya susmağa, ya da Kremlin drektivlərindən kənara çıxmamağa çalışır. Türkmənistanın bu cür cəsarətli addımından sonra bütün gözlər Ilham Əliyev və onun rəhbərlik etdiyi hökumətə dikiləcək. Əgər Azərbaycan hökuməti də lazım olan fikri ifadə edə bilsə, bu o demək olacaq ki, Azərbaycanın Rusiyadan asılılığı xeyli dərəcədə azalır və enerjinin müstəqil şəkildə bazara çıxarılmasına imkan yaranır.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza və Avropa Ittifaqının xarici əlaqələr üzrə komissarı, xanım Ketrin Eşton da açıq şəkildə bildirmişdilər ki, “Transxəzər” layihəsi üzrə qərar vermək Azərbaycan və Türkmənistanın öz işidir və məsələyə üçüncü dövlətin müdaxiləsi yolverilməzdir. “Üçüncü dövlət” deyəndə hansı ünvandan söhbət getdiyi məlum idi, sadəcə, rəsmən ad çəkilmirdi.
Budur, Türkmənistan məsələyə tam açıqlıq gətirdi. Növbə və top Bakıdadır…
Rusiya isə qorxudur
Rusiya Xarici Işlər Nazirliyinin sentyabrın 13-də yaydığı bəyanatda isə bildirilirdi ki, Xəzər regionunun işlərinə xaricdən müdaxilə bölgədə vəziyyəti gərginləşdirə və Xəzər dənizinin hüquqi statusuna dair aparılan beştərəfli danışıqlara mənfi təsir göstərə bilər: “Bu cür irimiqyaslı layihələrlə bağlı qərarlar bütün Xəzəryanı ölkələrin iştirakı ilə qəbul olunmalıdır. Ümid edirik ki, Avropa Ittifaqı Şurası Rusiyanın və digər Xəzəryanı ölkələrin mövqeyinə diqqətlə yanaşaraq, bu formatla razılaşdırılmayan addımlardan çəkinəcək”.
Kremlin bu bəyanatı isə bütün hallarda sona kimi müqavimət göstərəcəklərinə işarə vurmaq cəhdidir. Görünür ki, “Gömrük Ittifaqı” ideyası Rusiyanı xeyli dərəcədə geri çəkilmiş göstərdiyi üçün Putin özünün başqa bir açıqlamasında dediyi kimi, “sistemi gücləndirmək” fikrinə düşüb. Amma siyasi müstəvidə bərabərliyin inkişaf olmadığı hər kəsə bəlli olduğu kimi, Putinə də bəllidir. Onun yeganə şansı isə avtoritar liderləri nə qədər qorxuda bilməsinə bağlıdır. Türkmənistan artıq öz nümunəsini göstərdi. Qorxu xilas etmir, inkişaf, etmək, cəsarətli addımlar atmaq üçün qorxudan və qorxuludan uzaqlaşmaq lazımdır. Məsələn Rusiyadan…
Seymur Həzi