Əli Kərimlidən qardaş ölkəyə güclü dəstək
“Bu terror həm də Türkiyənin dünyada günü-gündən artan nüfuzundan bir çoxlarının narahat olması ilə bağlıdır”
“Baş verənlər Azərbaycan rəsmilərini ona sövq etməlidir ki, yalnız şifahi, mətbuat konfranslarında deyil, qanunvericiliklə PKK-ya qiymət verilsin”
“Türkiyənin kədəri Azərbaycanın da kədəridir. Istəyirəm türk xalqı bilsin ki, bu dərdi Azərbaycandakı soydaşları da paylaşır. Bu gün Azərbaycanın da gündəmində əsas məsələlərdən biri məhz Türkiyədə terror nəticəsində əsgər və polislərin şəhid olmasıdır”. Bu sözləri AXCP sədri Əli Kərimli Türkiyədə oktyabrın 19-da PKK-nın törətdiyi qanlı terrora münasibət bildirərkən deyib.
AXCP sədri terror nəticəsində baş vermiş insan tələfatından kədərləndiyini bildirib və Türkiyə rəhbərliyinə, şəhid ailələrinə dərin hüznlə başsağlığı verib.
Terrorun Türkiyəni bu dəfə də arxadan vurduğunu deyən Ə.Kərimli baş verənləri rəsmi Ankaranın artan nüfuzu ilə əlaqələndirib: “Türkiyənin dünyada və regionda nüfuzunun günü-gündən artması bir çoxlarını narahat etmişdi. Bu terrora həm də həmin narahatçılığın bir həlqəsi kimi baxmaq lazımdır”.
Ə.Kərimli bildirib ki, terrorun mənsubiyyəti olmur, bütün dünya terrora qarşı vahid cəbhə yaratmalıdır. Türkiyədəki PKK terroruna qarşı da beynəlxalq birlik sərt, adekvat reaksiya göstərməlidir. “Həm Türkiyə, həm Azərbaycan hökuməti səy göstərməlidir ki, terrora qarşı olduğunu bildirən bütün dövlətlər və qurumlar PKK terroruna qarşı da sərt reaksiya göstərsinlər. Terrorun mübarizə vasitəsi kimi bütövlükdə regionumuzdan yığışdırılması üçün təsirli beynəlxalq tədbirlər görülməlidir”, – deyə AXCP sədri qeyd edib.
Ə.Kərimli inanır ki, baş verən bu faciə türk xalqını sarsıtmayacaq, millətin bütövlüyünə xələl gətirə bilməyəcək, Türkiyənin hökumət təmsilçilərinin də dediyi kimi, türk milləti öz dik duruşunu saxlayaraq, qürurla özünü müdafiə edəcək: “Əminəm ki, Türkiyənin gördüyü tədbirlər ciddi nəticələr verəcək və baş vermiş bu faciə əslində terrorun bölgədə zəifləməsi ilə nəticələnəcək. Arzu edirəm ki, türk xalqı bu gərgin məqamlarda daxili birliyini, bütövlüyünü qoruyub saxlasın. Zaman-zaman olduğu kimi yenə də öz daxili iradəsi, qüruru, mübarizliyi ilə bütün dünyanı heyrətə gətirsin və bu ağır bəlanı aradan qaldıra bilsin”.
Azərbaycan dövlətinin hazırkı situasiyada nümayiş etdirməli olduğu mövqeyə gəlincə, Ə.Kərimli deyib ki, bu, Azərbaycan və Türkiyənin qardaşlığına layiq olmalıdır: “Xalq olaraq biz Türkiyənin acısını eyni dərəcədə paylaşırıq. Azərbaycan dövlətinin də strateji müttəfiqə yaraşan tərzdə davranmasını gözləyirik. Azərbaycanla Türkiyə arasında Strateji Tərəfdaşlıq Şurası işlək quruma çevrilməlidir. Bütün məsələlərdə Azərbaycanla Türkiyənin mövqeyi eyni olmalıdır. Nəhayət, baş verənlər Azərbaycan rəsmilərini ona sövq etməlidir ki, yalnız şifahi, mətbuat konfranslarında deyil, qanunvericiliklə PKK-ya qiymət verilsin. Azərbaycanda bu təşkilatın fəaliyyəti qanunla qadağan olunsun. Ən önəmlisi, bu, Azərbaycan xalqının istəyidir. Türkiyə xalqı bilsin ki, Azərbaycan bu çətin günlərdə onunla bərabərdir”.
Xəyal