Şərurlu İsfəndiyara cinayət işi tələb olundu

“Onun arxasında Ramiz Mehdiyevlə Vasif Talıbov dayanır”

«Kamran B.Ə.» tikinti şirkətinin qurbanları bu gün 3 yerdə aksiya keçirməyi planlaşdırır

“Bizdə olan məlumatlara görə, Isfəndiyar Axundovun arxasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov dayanıb. Bəlkə də onların adından istifadə edirlər. Ancaq görünən budur ki, baş prokurorluq həmin fırıldaqçı tikinti şirkətlərinin vəzifəli şəxsləri barəsində cinayət işi açır, Isfəndiyar Axundov isə cinayət məsuliyyətinə cəlb olunmur. Belə aydın olur ki, onu qoruyurlar. Aldadılan vətəndaşlar isə tələb edirlər ki, onların pulu qaytarılsın və Isfəndiyar Axundov haqda cinayət işinə başlansın” – bu sözləri ötən gün Media Mərkəzində keçirilən mətbuat konfransında “Kamran B.Ə.” MMC tikinti şirkətinin aldatdığı payçıların hüquqlarını qoruyan  Ələkbər Məmmədov səsləndirdi. Ə.Məmmədov bildirdi ki, adıçəkilən tikinti şirkətinin qurbanları sabah (bu gün – red.) etiraz aksiyası keçirəcəklər: “Aksiya əvvəlcə şirkətin ofisi önündə başlayacaq, sonra meriyaya yürüş təşkil olunacaq. Daha sonra etirazlar Prezident Administrasiyası qarşısında davam etdiriləcək”.

Tədbirdə 50-dən çox zərərçəkmiş iştirak edirdi. Onlar bildirdilər ki, bir mənzil bir neçə vətəndaşa satılıb və hər payçıya azı 30 min, maksimum 140 min manat məbləğində ziyan dəyib. Ələkbər Məmmədov dedi ki, “Şərurlu Isfəndiyar” bu günə kimi “Safari – N”, “Olimpus”, “Mur-Ay”, “Orxan” və nəhayət, “Kamran – B.Ə.” MMC adları ilə minlərlə vətəndaşı aldadıb və milyonlarla vəsaiti mənimsəyib. Beləliklə, məlum olub ki, illərdir Bakıda fırıldaqçı tikinti şirkətlərinin arxasında bu şəxs dayanıbmış. Zərərçəkmişlər qeyd etdilər ki, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivi, D.Bünyadzadə küçəsi 34-B ünvanda yerləşən “Kamran-B.Ə.” MMC-nin tikilməkdə olan iki bloklu yaşayış binasının payçıları fərdi müqavilə bağlamaqla kvadrat metr üçün 300-550 manat ödəyiblər. Bu binada 96 mənzil olmasına baxmayaraq,  250-yə yaxın vətəndaşa satılıb. Müqavilələr notarial qaydada bağlanmayıb, pullar şirkətin kassirinə ödənilib. Binanın tikintisi 2010-cu ilin avqustunda yekunlaşmalı idi. Lakin həmin ilin iyunundan məlum olmayan səbəbdən tikinti işləri dayanıb.
Şirkətin nümayəndəsi Ələkbər Babayev sakinlərə deyib ki, Isfəndiyar Axundovun ona 1 milyon 600 min borcu var və vətəndaşlar pulu ondan ala bilərlər. Isfəndiyar Axundov isə vətəndaşlara söyləyib ki, “Kamran-B.Ə.” MMC qeyri-qanuni satışla məşğuldur. Payçıların pulunu qaytarmaq əvəzinə mənzillərin qiymətini qaldırıb və özünə məxsus “Şaiq” MTK şirkətinə kvadrat metri 500-650 manatdan ödənilməsini tələb edib.
Ələkbər Məmmədovun sözlərinə görə, I.Axundov şirkətlərindən birinin digərinin varisi olması adı ilə insanları aldadıb: “Guya ”Kamran” MMC-nin varisi “Orxan” şirkətidir. “Orxan” isə “Şaiq” MTK-nın varisidir. Bütün bu firmaların başında bir adam dayanıb”. Vətəndaşlar problemlə bağlı bir neçə dəfə Ilham Əliyevə, PA rəhbəri Ramiz Mehdiyevə, baş prokuror Zakir Qaralova, vergilər naziri Fazil Məmmədova və BŞIH-in başçısı Hacıbala Abutalıbova müraciət ediblər.
Qeyd edək ki, “Birlik-inşaat” və “Kamran B.Ə.” MMC-lərin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, “Kamran B.Ə.” MMC-nin payçılarının müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilib ki, həmin cəmiyyətin vəzifəli şəxsləri Ələkbər Babayev, German Hüseynov, Süleyman Əliyev və Rüfət Nağıyev payçıların vəsaiti hesabına adıçəkilən ünvanda inşa edilmiş çoxmərtəbəli binada 90 mənzili aldatma yolu ilə 250 şəxsə satmaqla külli miqdarda əmlakı ələ keçiriblər.
“Kamran B.Ə.” MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Bundan başqa, vətəndaş Gülçöhrə Musayevanın müraciəti əsasında aparılmış araşdırma ilə müəyyən edilib ki, “Birlik-Inşaat” MMC-nin təsisçisi və sədri Elman Tağıyev cəmiyyətin digər vəzifəli şəxsləri ilə cinayət əlaqəsinə girib Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi 20 saylı ünvanda 2005-ci ildən inşasına başladıqları 2 bloklu, 14 mərtəbəli yaşayış binasındakı mənzillərin payçılara paylanması zamanı aldatma yolu ilə eyni mənzilə görə bir neçə vətəndaşla müqavilə bağlamaqla onların hər birindən mənzilin tam dəyərini alaraq külli miqdarda vəsait ələ keçirməklə vətəndaşlara zərər vurublar. “Birlik-Inşaat” MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.ÿ Hazırda hər iki cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq aparılır.

Ramin DEKO