«Mən prezident vəzifəsindən ötrü ölsə idim, konstitusiyanı asanlıqla dəyişərdim»
Rusiyanın baş naziri və üçüncü dəfə ölkə başçısı postuna namizəd olacaq Vladimir Putin dövlət televiziyasına müsahibə verib. Hökumət başçısı hansı səbəblərdən üçüncü dəfə prezident seçilmək istədiyinə də aydınlıq gətirib.
O, nadir etiraflardan birini edərək deyib ki, ictimaiyyət ölkədəki hazırkı vəziyyətdən narazıdır. Putinin sözlərinə görə, Rusiya Sovet Ittifaqının dağılmasından 20 il keçməsinə baxmayaraq, hələ də kövrəkdir. Baş nazir ölkə siyasətini və iqtisadiyyatını nəzərdə tutduğunu bildirib. Üçüncü dəfə prezident postuna qayıtmaq niyyətinə toxunan Putin hələ 4 il öncə hazırkı Kreml rəhbəri Dmitri Medvedevlə aralarında razılaşma olduğunu söyləyib: “Biz Medvedevlə hələ 4 il qabaq qərara gəlmişdik ki, əgər yetərincə ciddi sınaqlardan keçə bilsək, bu cür variant mümkündür”.
Putin qeyd edib ki, onun hakimiyyətə qayıtması siyasi sistemi gücləndirmək istəyi ilə bağlıdır. Baş nazir əlavə edib ki, o, vəzifəyə heç vaxt özü can atmayıb və öz vaxtında onu bu vəzifəyə Yeltsin seçib: “Əgər istəsəydim 2008-ci ildə üçüncü dəfə də prezident seçilə bilərdim. Mən prezident vəzifəsindən ötrü ölsə idim, konstitusiyanı asanlıqla dəyişərdim. Amma öz xətrimə bunu eləmədim”.
Putinin açıqlamasındakı son fikirlər Azərbaycanın dövlət başçısı Ilham Əliyev üçün nümunə sayıla bilər. Yəni, hətta Putin kimi avtokrat ömürlük prezident olmaq üçün konstitusiyanı dəyişmək istəməyib, bu addımı özünə sığışdırmayıb. Və belə bir addımı prezident postundan ötrü ölmək kimi dəyərləndirib. Ilham Əliyev isə məhz bu məqsədlə 2009-cu ildə konstitusiyanı dəyişib.
Informasiya şöbəsi