Nurəddin Məmmədli: «Bu adam nə türk övladı kimi, nə də mötəbər beynəlxalq təşkilatın rəhbərlərindən biri kimi Azərbaycan xalqına hər hansı fayda verdi»
Əvəz Temirxan: «Çavuşoğlunun əvvəlki fəaliyyətini, Avropa Şurasının Azərbaycanda demokratiyaya münasibətini nəzərə alaraq o posta təyin ediləndə də xüsusi sevinc hissi duymamışdım»
Avropa Şurası Parlament Assambleyasının türkiyəli sədri Mövlud Çavuşoğlunun səlahiyyət müddəti başa çatır. Onu bu postda Fransanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Jan-Klod Mino əvəzləyəcək. Azərbaycan hakimiyyətinin dostu kimi tanınan Çavuşoğlu bu posta seçiləndə onun bir türk kimi xalqımıza fayda verəcəyə ehtimal edilirdi. Bu baxımdan onun AŞ PA prezidenti olması Azərbaycan xalqını sevindirdi. Lakin onun fəaliyyəti göstərdi ki, bu şəxs əvvəlki fəaliyyətindən əl çəkmir və yalnız Əliyev iqtidarının dostu kimi qalmaqdadır. Məhz bu səbəbdən də onun fəaliyyət dövrünün başa çatması daha sevindirici haldır. Iqtidarın beynəlxalq qurumdakı dostunun fəaliyyətini müxalifət necə qiymətləndirir?
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, bu adam nə türk övladı kimi, nə də mötəbər beynəlxalq təşkilatın rəhbərlərindən biri kimi Azərbaycan xalqına hər hansı fayda verdi. Azərbaycanın şərəfli müdafiəçisinə çevrilmək əvəzinə özünü YAP funksioneri kimi apardı. Fəaliyyətinin bütün mərhələlərində Ilham Əliyevin arxasında dayanmaq fəaliyyəti nümayiş etdirdi: “Allah Azərbaycan xalqını Çavuşoğlu kimi qardaşlardan qorusun. Bir türk kimi mənim üçün çox əzabverici bir həqiqətdir. Amma bu həqiqət etiraf olunmalıdır. Ona görə də onun gedişi daha yaxşıdır”.
N.Məmmədlinin sözlərinə görə, bu posta seçiləcək ixtiyari bir avropalı Azərbaycan xalqına nifrət etsə belə, onun Avropasayağı əxlaqı, düşüncəsi son nəticədə ölkəmiz üçün daha çox faydalı olacaq”.
ALP sədri Əvəz Temirxan, ümumiyyətlə, Çavuşoğluna xüsusi olaraq qiymət vermək istəmədiyini deyir. Buna səbəb isə Avropa Şurasının özünü doğrultmayan bir təşkilata çevrilməsidir: “Avropa Şurası Parlament Assambleyasında kimin prezident olmasından asılı olmayaraq, mən artıq ondan uzun illərdi heç nə gözləmirəm. Çavuşoğlunun əvvəlki fəaliyyətini, Avropa Şurasının Azərbaycanda demokratiyaya münasibətini nəzərə alaraq o posta seçiləndə də, xüsusi sevinc hissi duymamışdım”.
Fizzə