Son illər ən çox xərcləmələr ilin sonuna təsadüf edir
2010-cu ilin dekabrında büdcədən 3,4 milyard manat «xərclənib»
Qubad Ibadoğlu: «Ilin sonunda vəsaitlərin çox xərclənməsinin əsas səbəblərindən biri o vəsaitin növbəti büdcə ilinə keçirilməsi ehtimalının azaldılmasıdır»
Hər il dövlət büdcəsinin əhəmiyyətli hissəsi investisiya xərcləri üçün ayrılsa da, görülən işlərdə bu özünü o qədər də göstərmir. Iri layihələrdə, bir qayda olaraq, korrupsiyanın yükü də kifayət qədər yüksək olur. Bundan gözü doymayan məmurlar ilin sonuna qədər xərclənməyən vəsaitlərin növbəti ilə keçməsinə imkan vermir. Müstəqil iqtisadçıların hesablamalarına görə, son illərdə investisiya xərcləri aylara nisbətdə bərabər bölünmür. Ən çox xərc isə, bir qayda olaraq, dekabr ayına düşür. Hətta bəzən təkcə dekabrda xərclənən vəsaitlər ilin bir neçə ayında xərclənən vəsaitlərdən çox olur.
Bu istiqamətdə araşdırmalar aparan iqtisadçı-ekspert Qubad Ibadoğlu büdcənin aylar üzrə icrasında müxtəliflik olduğunu deyir. Investisiya büdcəsinin aylar üzrə proporsional həyata keçirilməsi isə mümkün deyil. Məsələn, 2010-cu ilin dövlət büdcəsinin 34 faizi, təxminən 4 milyard 147 milyon manat birbaşa investisiya xərcləmələrinə ayrılmışdı. Bu vəsait həm də ÜDM-də 11% təşkil edir. Investisiya sahəsinə çəkilən xərclər 2008-2010-cu illərdə təxminən 12 mlrd. dollar ətrafında olub. Bu da kifayət qədər böyük məbləğdir.
Ekspertin sözlərinə görə, bu illərin büdcə icrasını aylar üzrə nəzərdən keçirəndə həmin dövrdə ilin əvvəlində büdcə xərcləmərində ciddi addımların olmadığını görmək olur. Hətta yanvarda cüzi məbləğdə büdcə icra olunur. Amma ilin sonunda, xüsusilə dekabr ayında birdən-birə büdcənin icra səviyyəsi yüksəlir: “Məsələn, 2007-ci ildə xərclərin 20 faizi son ayda – dekabrda icra olunub. 2010-cu ildə bu xərclərin 28,5%-i dekabr ayında icra olunub. 2008-ci ildə – 2,5 mlrd. ancaq dekabr ayında ”xərclənib”. 2009-cu ildə dekabrda 2,7 mlrd. “xərclənib”. 2010-cu ildə 3,4 mlrd. büdcə vəsaiti “xərclənib”. Bu illərin büdcəsini təhlil edəndə görürük ki, aylar üzrə büdcə daxilolmalarında proporsionallıq var. Yeganə 2010-cu ildə büdcə daxilolmaları dekabr ayında daha çox olub. Bu da ciddi narahatlıq doğurub”.
Ekspert 2010-cu ildə aylar üzrə büdcə xərcləməsinin 765,5 mln. manat olduğunu, amma dekabr ayında bir aylıq büdcə xərcləməsinin 3 mlrd 345 mln manat təşkil etdiyini deyir. Bu da orta büdcə xərcləməsi səviyyəsindən 4 dəfədən də çoxdur.
Ekspert bunun bəzi obyektiv səbəblərinin olduğunu da vurğuladı: “Xüsusilə 2010-cu ildə büdcənin icrasının gəlirlər hissəsinə baxsaq, görəcəyik ki, dekabr ayında daha çox ödənişlər olub. Eyni zamanda vahid büdcə təsnifatında nəzərdə tutulan maddələr üzrə xərcləmədə müəyyən çətinliklər olanda maddələr arasında dəyişiklik aparmaq üçün mütləq Maliyyə Nazirliyi ilə razılaşmalar həyata keçirilməlidir. Bu proses də bir az gec başlayıb, gec qurtarır. Son nəticədə də əsas qərarlar ilin sonunda baş verir. Bəzən əvvəl xərclənən vəsait ilin sonunda rəsmiləşdirilir. Ancaq obyektiv səbəblərlə bu qədər böyük kənarlaşmanı əlaqələndirmək mümkün deyil. Burda daha çox subyektiv səbəblər var”.
Ekspertin fikrincə, ilin sonunda vəsaitlərin çox xərclənməsinin əsas səbəblərindən biri o vəsaitin növbəti büdcə ilinə keçirilməsi ehtimalının azaldılmasıdır.
Fizzə



