Kəmaləddin Heydərov axtarışa çıxıb

«Fövqəlnazir» Qərb mətbuatının onu hədəf seçməsində rəqiblərindən şübhələnir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qərb mətbuatında barəsində dərc edilən məqalələrlə bağlı araşdırma aparmağa başlayıb. Əldə etdiyimiz məlumatlara görə, “fövqəlnazir”in yaxın çevrəsi onu əmin edib ki, bu məqalələrin Qərb mətbuatına çıxması sadəcə Azərbaycan hakimiyyətinin beynəlxalq aləmlə münasibətlərin gərginləşməsilə bağlı deyil. Əgər belə olsaydı, o halda Ilham Əliyev hədəf götürülərdi. Kəmaləddin Heydərovun ətrafında olan ideoloqların fikrincə, Qərb mətbuatının “fövqəlnazir”i hədəf seçməsi hakimiyyətdəki rəqiblərinin işi ola bilər.
Qeyd edək ki, Kəmaləddin Heydərovun baş nazirlik uğrunda apardığı savaş hakimiyyət daxilində ona qarşı bir neçə qruplaşmanın birləşməsinə səbəb olub. Bundan başqa, biznes maraqları “fövqəlnazir”i nəqliyyat naziri Ziya Məmmədov, ARDNŞ prezidenti Rövnəq Abdullayev kimi məmur-oliqarxlarla üz-üzə qoyub. Ona görə də Kəmaləddin Heydərov daxildən arxayın deyil və yaxınlarının əsaslandırmasını həqiqət kimi qəbul edir. “Fövqəlnazir”in fikrincə, ciddi araşdırma nəticəsində baş verənləri aydınlaşdırmaq mümkündür. Bu məqsədlə o, bütün resurslarını işə salıb. Hətta “fövqəlnazir”in məsələni birbaşa Qərbin nüfuzlu KIV-lərinin rəhbərləri ilə müzakirə etmək istəyinin də olduğu söylənilir. 
Son 6-7 ayda Qərb mətbuatında Kəmaləddin Heydərovla bağlı bir neçə qalmaqallı məqalə dərc edilib. “Fövqəlnazir”in oğlanları Taleh və Nicatın Ingiltərədəki fəaliyyəti, məşhur “boks qalmaqalı” ilə bağlı yazıları nümunə göstərmək olar.
Qərb mətbuatının Kəmaləddin Heydərova belə “diqqət” göstərməsi “fövqəlnazir”i narahat etməyə bilməzdi.

Informasiya şöbəsi