Ilham Əliyevi qucağında kompüter apararkən gördüm

Dünən “Xural” qəzetinin redaksiyası sözün həqiqi mənasında yağmalandı. Bu, məhkəmə qərarının icrası-filan deyildi. Bu, yağmalama idi. Zatən qanunsuz məhkəmə qərarlarının icrası da qanuni ola bilməz. Buna hər ad qoymaq olar – talançılıq, oğurluq, yağmalama. Amma “məhkəmə qərarının icrası” demək mümkün deyil.
Ürəkağrıdıcı mənzərə idi. Gözümüzün qabağında bir qəzetin kompüterləri, diktafonu, istilik peçi, printeri yağmalanır, qəzetin yazarları kədərli gözlərlə baş verən əxlaqsızlığı seyr edirdilər. Dəstək üçün redaksiyaya təşrif buyuranların üzündə hələ də bir dəhşət və heyrət vardı. Ilk dəfə başımıza gəlmir bu, amma yenə də dəhşətə gələ və heyrətlənə bilirik. Bu, bizim zəifliyimiz deyil, üstünlüyümüzdür. Biz hələ də baş verən əxlaqsızlıqlar və hüquqsuzluqlar qarşısında heyrətləniriksə, deməli, onlar bizi özlərinə oxşada bilməyiblər hələ. Hələ də onlar bizi taleyimizlə barışmağa məcbur edə bilməyiblər. Biz başımıza gələnlərlə razılaşsaq, barışsaq, dünən heç bir hiss keçirməzdik. Ürəyimiz ağrımazdı, içimiz sızlamazdı, gözlərimizə kədər, üzümüzə hüzn çökməzdi.
Həmişə deyirik ki, “bunlardan nə desən çıxar”. Amma həmişə də bunlar ən rüsvayçı addımı atanda bunu gözlənilməzlik kimi qəbul edirik. Çünki biz onlar deyilik. Bizim hisslərimiz, duyğularımız var. Bizim ürəyimizin yerindən daş asılmayıb hələ. Biz dünən o heyrətli və kədərli gözlərlə baş verənləri izləməsək, əslində, yağmaçılarla eyni səfdə, eyni sırada dayanmış, aparılan kompüterlərin, printerlərin də bir qulpundan biz yapışmış olardıq.
Çox biabırçı situasiya ilə üzləşmişik. Ilham Əliyevi birbaşa tənqid etməyin nə qədər təhlükəli, amma zəruri bir məsələ olduğu ortaya çıxır. “Xural” bir ay idi gündəlik nəşr edilirdi və məhz Ilham Əliyev barədə tənqidləri artırdıqdan sonra başına bu oyun gətirildi. Hətta srağagün qəzetin baş redaktoru Əvəz Zeynallının Ilham Əliyevi “Əl-Cəzirə”dəki müsahibəsində ölkə müstəqilliyinə həqarətli münasibətinə görə ya üzr istəməyə, ya istefaya çağırmasından bir gün sonra redaksiyanın yağmalanması təsadüfi deyil. Baş verənlərin əsl mahiyyətini açıq-aydın gözlər önünə sərir. Onun bir siyasi sifariş, birbaşa hakimiyyətin təpəsindən yönləndirilən yağmalama, talan etmə olduğuna şübhə yeri qoymur. Sanki Əliyev mesaj verir ki, “dözüm limitim ölkədə yalnız bir qəzetin (yəni, ”Azadlıq”ın – red.) məni açıq, birbaşa tənqid etməsinə imkan verir. Ikinciyə səbrim, dözümüm yoxdur”. Əliyev mesaj verir ki, “məni ölkədəki hüquqsuzluqların, ədalətsizliklərin birbaşa səbəbkarı kimi göstərən ikinci qəzetə dözmək lüksüm olsa, heç ”Gündəlik Azərbaycan”ı bağlamazdım”.
Dünən “Xural”ın əmlakını daşıyan məhkəmə icraçıları sadəcə, məhkəmə icraçıları da deyildilər. Mən onlara baxanda hər birinin üzündə Ilham Əliyevi görürdüm. Ramiz Mehdiyevi görürdüm. Qucağında redaksiyanın həyətində saxlanılmış “QAZel”ə kompüter, printer daşıyan Ilham Əliyev – əla mənzərə idi!
***
Ilham Əliyev “Əl-Cəzirə”yə müsahibəsində ölkədəki demokratikləşmədən danışmış və söz azadlığını inkişaf etdirməsi ilə bağlı xeyli basıb-bağlamışdı. Misal kimi də ölkədə internetdən istifadəyə imkan verilməsini, onun sürətinin xeyli artmasını göstərmişdi.
Və dünən “Xural”ın kompüterlərini yağmalatdırdı.
Kompüterlərimizi yağmalatdırandan sonra internetin olmasının nə mənası qalır?
Internet var, amma kompüterlərimizi əlimizdən alırsan.
Daha nəyə lazımdı o internet? Kompüterlərimizi əlimizdən alandan sonra o internetə biz nəylə girməliyik, balıq başı iləmi?