Həmkarlıq hissi

Azərbaycanda çatışmayan şey çoxdur. Ona görə də mən heç vaxt bütün bu məsələlərə bir yazıda münasibət bildirməyə çalışmıram. Hər şey haqqında yazmaq istəyəndə bir də görürsən ki, heç nə haqqında yazmamısan, əsas o deyil ki, hər şeyin adını çəkəsən, odur ki, oxucunun diqqətini bir məsələyə fokuslaşdıra biləsən. Indi mən nə haqda yazmaq istəyirəm? Bilirsiniz, digər ölkələrdə bayramlar şənlik və xoş ovqat gətirir. Amma burada bayramlar da ağır hisslər oyadır. Mən qəribə bir şey müşahidə edirəm. Bu ölkədə yalan və iftira danışmaq artıq qəbahət sayılmır, hamı yalan danışır. Bir yalan digərini sanki tamamlayır, onunla uzlaşır.
Bu yaxınlarda SSRI-nin süqutu haqqında bir yazı oxumuşdum. Müəllif dağılmaq ərəfəsində SSRI-nin iqtisadi, siyasi və geosiyasi göstəricilərini təhlil etmişdi. O, belə bir nəticəyə gəlmişdi. Bu ölkənin süqutunu labüd edən heç bir səbəb yox idi. Bəs onda insanları lap obaşdan qəzet köşklərinin qarşısını kəsdirməyə, meydanlara axışmağa və öz etirazlarını bildirməyə vadar edən nə idi? Hə, müəllif belə nəticəyə gəlir ki, bunun bircə səbəbi vardı: insanlar yalansız yaşamaq istəyirdilər! Mən bu qənaəti bölüşürəm. Bu, böhranların ən ciddisidir, çünki o, mənəvi sferalara toxunur. Amma mən yazının lap başında həmkarlıq haqqında yazmışdım. O da bu məsələ ilə bağlıdır. Biz yalan danışanda heç olmasa həmkarlarımızda ikrah hissi oyatmaqdan ehtiyat etməliyik. Amma bu yoxdur. Siyasətçi yalan danışır, deputat yalan danışır, jurnalist yalan danışır. Beləcə, çox qəribə bir yalan dövriyyəsi yaranır. Biz də həmin dövriyyənin içində vurnuxuruq. Bəli, müstəqillik bayramı qeyd ediləndə indiki deputatlar hansısa formadasa qırx üç nəfər keçmiş deputatı yada sala bilərdilər, axı, Müstəqillik Aktına məhz onlar səs vermişdilər! Hakim partiya tədbirinə ölkənin əsas müxalifət partiyalarını da dəvət edə bilərdi! Hakimiyyətə xidmət edən jurnalistlər hər şeyi tək bircə nəfərin – H.Əliyevin adı ilə bağlayanda heç olmasa azacıq da olsa bu adamı Bakıya dəvət edənlər, ona vəzifə verənlər haqda da söz deyə bilərdilər! Bir dəfə belə olsaydı, bunu başa düşmək olardı, deyərdik ki, bu, bir qüsurdur, o nə vaxtsa öz həllini tapacaq. Amma illər keçdikcə yalan daha çılpaqlaşır və daha çox ikrah doğuran formalar alır…
Öz yaxınını itələ, yıx…
Bir vaxt F.Nitşe yaman dəbdəydi. Bu dəb buralara da gəlib çıxmışdı. Özünü intellektual, fəlsəfədən xəbərdar bir adam göstərmək üçün hər kəs mütləq bir neçə ad çəkməyi özünə borc bilirdi. Bu adlardan biri Freyd, digəri isə elə Nitşe olurdu. O vaxt mən də Nitşeni oxudum. Onun məşhur bir “Zərdüşt nə deyirdi?!” əsəri vardı. Həmin əsərdə iki cümlədən biri “yaxınını itələ, vur!” cümləsi idi. Isa peyğəmbər “yaxınını sev!” – demişdi. Nitşe isə bunun əksini deyirdi. Bəlkə də həmin əsərin başqa məziyyətləri var. Mən bu haqda fikirlər səsləndirmək istəmirəm. Nə demək istəyirəm? Indi Azərbaycanda məhz elə bu cür vəziyyət yaranıb. Hamı öz yaxınını uçuruma itələmək haqda düşünür. 
Bir jurnalist həbs edilir. Digəri ona dəstək vermək, müdafiə etmək əvəzinə, onu daha da uçuruma itələyir, məhv etməyə çalışır. Bir siyasətçi uğursuzluq girdabına düşür, digəri onun gördüyü yaxşı işlərə görə ona qahmar çıxmaq və onu unudulmağa qoymamağa çalışmaq əvəzinə onun ətrafında bir çala və uçurum yaradır…
Sosiallaşmış kapitalizmdən liberal kapitalizmə…
Qlobal böhran yarananda bir neçə dəfə yazdım ki, bu, ifrat dərəcədə sosial keyfiyyətlərlə tamamlanmış kapitalizmin böhranıdır. Müasir kapitalist ölkəsi sözün əsl mənasında cənnət idi, hətta elə ölkələr vardı ki, orada işləməmək də olardı və buna görə heç kim aclıqdan ölmək təhlükəsilə üzləşmirdi. Bəli, iki siyasi sistemin yarışı birini tarixə göndərdisə, o birini cənnətə çevirdi. O gün bir amerikalı bu xüsusda maraqlı fikir dedi: ABŞ indi sosializmdən əsl kapitalizmə keçmək istəyir!.. Bu mövzunu bir yazıda, özü də kiçik yazıda tükəndirmək çətindir. Amma mən bir şeyə əminəm: humanizm yaşayacaq, çünki o, bəşəriyyətin bu vaxta qədər tapdığı ən böyük ideyalardan biridir…