aliyev-mammadyarov

Hakimiyyət Qarabağdan imtina edir

Elmar Məmmədyarov deyib ki, razılaşdırılmamış məqamlar qalmaqla, sülhə hazırıq

 

Ilham Əliyevin “Qarabağ diplomatiyası” daha bir gül vurdu. Xarici işlər naziri Elmar Məmmədyarov dahi təkliflərindən növbətisini verib. O, bütün dünyanı idrak iflici edəcək bir təkliflə çıxış edib: “Azərbaycan Qarabağ nizamlanmasına dair danışıqlarda açıq qalan məsələlərə toxunmadan sülh sazişinin mətni üzərində işə başlamağa hazırdır”.
Bu fikirləri ölkənin baş diplomatı, XIN rəhbəri Elmar Məmmədyarov Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Aroka ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında ifadə edib: “Azərbaycan hesab edir ki, açıq qalan məsələlərin müzakirəsilə yanaşı, artıq razılaşdırılmış prinsiplər əsasında siyasi sazişin mətni üzərində iş aparmaq olar”.
Yəqin ki, bu fikirlərə görə Elmar Məmmədyarov özünü tarixə salmaq fikrindədir. Nə etmək olar, hamı ağıllı fikirlərinə görə xatırlanmaq imkanında olmur ki…
“Açıq qalan məsələ”, yəni razılaşdırılmamış məqamlar üzərində hər hansı konsensus olmadan necə sülh yaratmaq olar? Elmar Məmmədyarovun bu dediklərini ciddi mənada kapitulyasiyaya razılıq kimi də şərh etmək olmur. Çünki özünü də, ölkəni də, vəziyyəti də böyük mənada qeyri-ciddi duruma salıb. Bu, təxminən ona oxşayır ki, müharibə davam edə-edə sülh bağlanır. Əsas kağızdır, arayışdır. Qalan məsələlərin elə də əhəmiyyəti yoxdur.
Elmar Məmmədyarov sadəcə, bilmir ki, sülh razılaşmadan və anlaşmadan sonra olur. Yoxsa, sol əl savaşarkən, sağ əlin salamlaşması qədər absurd bir ideya ilə çıxış etmək, Ginnesin bu nominasiya üzrə qalibliyinə iddia etmək və ölkənin imicini yerin dibinə batırmaqdan başqa bir şey deyil.
Ermənilər Laçını və Kəlbəcəri, ümumiyyətlə, danışıq predmeti etmirlər, Şuşa və Xankəndinin taleyi qeyri-müəyyən qalır, Ilham Əliyev də hansısa mahiyyəti bəlli olmayan siyasi saziş imzalayır. Bunun adı torpaqları satmaq deyil də, bəs nədir?

 

Süleyman