Qəbul elədiyim üç böyük bayram var. Necə deyərlər, başı kəm üç bayram. Birincisi, Novruz bayramıdı. Bizim Yeni ilimiz. Biz bu gündən qədəmlərimizi yeni ilə, yeni sabaha doğru atırıq. Millətimizin bütün nəcib keyfiyyətləri bu bayramda toplanıb. Dünyaya baxışımızın bütün görsənişlərini bu bayramın törənlərində, ənənələrində tapa bilərik. Milli kimliyimizin mayasındakı sülhpərvərlik, hər kəsə sevgi, humanizm, qonşularla dinc yanaşı yaşama, barışcıllıq, çalışqanlıq, halallıq, məişət paklığı, sənətə, yaradıcılığa içdən həvəs, qonaqsevərlik, nikbinlik, romantizm, şuxluq, təbiətə dostca yanaşma Bahar bayramımızdanca bəlli olur. Biz bahar millətiyik. Doğuşumuz, oyanışımız təbitələ harmoniyadadı. Bu bayram bizimçün şəriət yerindədi.
Ikinci böyük bayram “28 May” – Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündü. Axır ki, bizim də dövlətimiz yaranıb bu gündə. Dünyanın mədəni dövlətlərinin sırasına qoşulmağa tam haqqı çatan bir dövlət. Demokratik dəyərləri bayraq eləyən, insanların mənəvi və qanun qarşısında bərabərliyinə dayanan, kişi ilə qadın arasında ictimai-siyasi fərqi aradan götürən, təkcə kişilərə deyil, qadınlara da seçim haqqı verən, söz, mətbuat, vicdan azadlığı olan bir dövlətin yaranmasını bu xalqın tarixdə ən böyük uğuru saymaq olar. Bu gün bizimçün təriqət yerindədi.
Üçüncü bayram 18 oktyabr – Dövlət müstəqilliyi haqda aktın qəbul edildiyi gün. 70 illik təriqət yolundan sonra, 28 Maya – təriqətimizə bağlı olduğumuzu özümüzə və dünyaya sübut elədik. Bizim yolumuz geriyə deyil, irəliyə doğrudu. Bu yoldan bizi saxlaya biləcək güc dünyaya gəlməyib. Yolumuzu daşlar, kötüklər kəsib – qara sellərin gətirdiyi. Ama bu da keçər. Biz qarşımızı kəsən kötükləri mərifətlə yandıra bilərik. Bu gün bizim mərifətimiz yerindədi.
Və bir də dördüncü bayram var… Dördüncü mərhələ. Tariximiz boyu dadmadığımız, görmədiyimiz bir hal. Indilər bu dördüncü mərhələnin başına doğru yaxınlaşmaqdayıq. Bir imperiyanın iki rəngindən qurtula, azadlığını ala bilən Azərbaycan xalqı bir rejimlə də baş eləyə biləcək. Bu rejim də bir imperiyadı. Ama bu imperiya ikirəngli Rusiya qədər əzəmətli deyil. Sadəcə, bir sülalənin imperiyası. Onun da öhdəsindən gəlinəcək. Bu bizim sonuncu qələbəmiz olacaq. Bir də xalqımız heç vaxt heç bir imperiya ilə savaşmayacaq. Çünki budəfəki tam qələbəmiz olacaq. Bu bizim həqiqət olacaq! Burdan o yana yalnız həqiqət var. Bəs savaşdığımız da bunun üçün deyilmi? Dördüncü bayrama hazır olun, dostlar!
Dünyanın ən varlısı
Ictimai Palatanın Istiqlal günü ziyafətindəydim dünən. Müsavat partiyasının qərargahındaydı. Kiçik bir akt zalında. Adamlar özləri bir təhər yerləşə bilmişdilər bu zala, ama ürəklərini ora sığdırmaqmı olardı?
Hamı bir yana dursun, hələ Yaşar Türkazərin ürəyi!
“Ömrümün 32 ilini yaşamağa hazırlaşmışam, 23 ildi də yaşayıram. 55 yaşımı meydanda qarşıladım. O gün mən iki ”5” almış uşaq kimiydim. Dünyada mənim qədər varlı adam ola bilməz! Ilham Əliyev sabah taxtdan düşsün, məlum olacaq ki, nə qədər kasıbmış. Mən isə… varı-dövləti bitib-tükənməz Yaşaram”, – bu sözləri deyən adamın ürəyindən danışıram, dostlar!
Yaşar hər kəslə bir-bir görüşür, sevincini bölüşürdü (Hələ övladı da gəlib dünyaya). Elə bil, bu Bayram Yaşarın eviydi, hamıya xoşgəldin eləyirdi. Ölkənin altını-üstünü talayıb bitirmiş YAP-ın bu qədər dövlətli olan barı bircə üzvü varmı? Ritorik sualdı, bilirəm, ama gözəlliyi də elə ondadı.
Qələbələri qazandıran ürəkdi, 75 milyonluq mülklər, milyardlar-trilyonlar deyil. Elə isə, birdən o günəcən qalmaram, qoy indidən Dördüncü – Həqiqət Bayramını qutlayım, Yaşar Türkazər!