Börns nəyin mesajını verdi?

Zəfər Quliyev: «Hakimiyyətə başa salmağa çalışılır ki, Lukaşenko və Qəzzafi yolu xilas yolu deyil»

ABŞ dövlət katibinin birinci müavini Vilyam Börnsün Azərbaycana səfəri və verdiyi bəyanatlar maraq doğurmaya bilməz. Dövlət katibinin I müavininə görə, Azərbaycanda insan hüquqları sahəsində görüləsi işlər çoxdur. Azərbaycan rəhbərliyi ilə əsasən insan haqları və demokratiya ilə bağlı müzakirələr apardıqlarını deyən diplomat əlavə edib ki, ABŞ-ın dünyada ən yaxın əlaqələri insan hüquqları və qanunun aliliyinə hörmət edən ölkələrlədir. “Azərbaycanda demokratiya, söz azadlığı, müxalifət fəallarının həbsə atılması ilə bağlı məsələlərdə biz öz narahatlığımızı ifadə etməkdə davam edirik”, – deyə V.Börns vurğulayıb.
Siyasi ekspert Zəfər Quliyevin fikrincə, dövlət katibinin müavininin söylədikləri göstərir ki, Amerika rəhbərliyi Azərbaycana xarici siyasət prioritetlərini çatdırmağa çalışır. Hazırda ABŞ-ın xarici siyasətindəki prioritetlərin, strateji maraqların tam fərqli formada ifadə olunduğunu söyləyən Z.Quliyev qeyd etdi ki, artıq Vaşinqtonun siyasəti 20-30 il əvvəlki ilə eyni deyil: “Əgər bir müddət əvvələ qədər ABŞ avtoritar, despot, korrupsiyaya uğramış rejimlərlə əməkdaşlıq edərək, praqmatik maraqlara uyğun hərəkət edirdisə, indi belə deyil. ABŞ-ın Yaxın Şərqdə, Afrikada bir zamana qədər yürütdüyü siyasət bunun misalıdır. Buna görə ABŞ administrasiyası ciddi tənqid də olunmuşdu”.
Amma hazırda Obamanın avtoritarlarla ciddi mübarizəyə girdiyini vurğulayan Z.Quliyev əlavə etdi ki, ABŞ-ın Yaxın Şərqdə demokratikləşməni dəstəkləməsi buna misaldır: “Təbii ki, Azərbaycan ABŞ-ın yürütdüyü bu siyasətdən kənarda qala bilməz və səslənən bəyanatlardan, yürüdülən siyasətdən Azərbaycana da pay düşür. Azərbaycan hakimiyyətinə nümayiş etdirilməyə çalışılır ki, Lukaşenko və Qəzzafi yolu avtoritar rejimlərin xilas yolu deyil. Azərbaycan demokratikləşmədə istisna ola bilməz. Hazırkı siyasət uzun müddət davam edə bilməz. Azərbaycan demokratik dəyərlərə, söz və mətbuat azadlığına imkan yaratmalıdır”.
Xəyal