Qayalar üzərində yaranan ilk «tablolar»
Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır.
Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Orbdubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın “Böyükdaş”, “Kiçikdaş”, “Cingirdağ”, “Şonqardağ” və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri – piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.
Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Mil, Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII-VII əsrlər). Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri – dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.
Həkkaklıq və heykəltəraşlıq nümunələri Albaniya (Qafqaz) dövrü sənətində geniş yayılmışdır. Mingəçevir məbədinin (5-6 əsrlər) daş kapitelinin səthində müqəddəs dirilik ağacının sol və sağında üz-üzə dayanmış iki tovuz quşunun qabartma təsviri Albaniya (Qafqaz) dövrü heykəltəraşlığının ən kamil nümunələrindəndir.
Bədii metal məmulatlarının (torevtika) tərtibində də plastik formalara tez-tez təsadüf olunur. Mingəçevir, Torpaqqala və s. yerlərdən tapılmış gümüş camların, tuncdan hazırlanmış su qablarının üzərində maral, şir, tovuz quşu, buta təsvirləri verilmişdir. Bu dövrün dairəvi və qabartma heykəltəraşlıq nümunələrindən (tuncdan və daşdan) insan və heyvan təsvirləri, məişət, ov və dini ayinlərlə bağlı səhnələr üstün yer tutur.
Memarlıq nümunələrinin meydana gəlməsi
VII əsrdən başlayaraq islam dininin yayılması ilə bağlı Azərbaycanın qədim tarixi şəhərlərində – Qəbələ, Naxçıvan, Şamaxı, Bakı, Bərdə, Gəncə, Beyləqan, Təbriz, Marağa və Ərdəbildə memarlıq kompleksləri, saray, qəsr, məscid və türbələr inşa edilirdi. Həmin binaların dekorativ tərtibatında kalliqrafiya – kitabə, ornament, kaşı və qabartma elementlərindən geniş istifadə olunmuşdur. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan binalarda daş üzərində oyma sənəti nümunələri, həndəsi və nəbati naxışlar, Naxçıvan memarlıq məktəbini təmsil edən binaların dekorativ bəzəklərində isə şirli kərpicdən və kaşı bəzəklərindən ibarət ornament motivləri başlıca yer tutur.
Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahların “Bayıl qəsri”, yaxud “Səbayıl” adlanan memarlıq abidəsi üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynamışdır. “Bayıl daşlarında” yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənmişdir. Friz xarakteri daşıyan “Bayıl daşları” vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil etmişdir.
Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə vəhdət təşkil etmiş, Gəncə, Beyləqan və digər şəhərlərdən tapılmış keramika nümunələri üzərində nəbati və həndəsi ornamentlərlə yanaşı, iti caynaqlı quşu, yaxud vəhşi heyvanı oxla vuran cəngavər təsvir edilmişdir. Bu dövr Azərbaycan Intibah mədəniyyəti Nizami Gəncəvinin yaradıcılığı ilə sıx bağlı olmuş, o, poemalarında memar, heykəltəraş, nəqqaş və rəssam obrazları yaratmışdır (Fərhad, Şapur, Simnar).
VII əsrin sonunda Azərbaycanın cənub hissəsi Ərəb Xəlifətinin tərkibinə daxil olmuşdur, şimal hissəsi isə onun itaətində idi. Ölkədə yeni din yayılmışdır – Islam. Əhalinin çox hissəsi bu dini qəbul etmiş, az hissəsi xristian dinini saxlamışdır. Yaranmış vəziyyətdən yararlanaraq, erməni katalikosu Ilya xəlif Əbdulməlikə xəbər verir ki, guya Azərbaycanın xristian-albanları ona qarşı qiyama hazırlaşırlar və 705-ci ildə xəlif Alban Apostol Avtokefal kilsəsinin erməni qriqorian kilsəsinin tabeçiliyinə keçməsi haqqında əmr verir.
Xüsusilə, ermənilərə aid edilən Qarabağ sakinləri haqqında V.L.Veliçko yazırdı: “…səhv olaraq (keçmişə nisbətən) erməni adlandırılan Qarabağ (Albaniya) sakinləri erməni-qriqorian dininə sitayiş etsələr belə, əsilləri dağlı və türk tayfalarından olmuşdur və yalnız 3-4 əsr bundan əvvəl erməniləşmişdilər”.
Yeri gəlmişkən, XIX əsrdə Iran və Türkiyədən köçmüş ermənilərin Qarabağda məskunlaşmasının səbəblərindən biri Qarabağ əhalisinin bir qisminin xristian-alban olması idi.
Azərbaycanda islamın qəbulu ilə yeni dövr başlandı, ölkədə, o cümlədən Qarabağda, bütün xristian dini mərasimlərinə son qoyuldu. Yeni və mütərəqqi islam bütün yerli din və inanclardan üstün oldu. Bu iki faktorla əlaqədardır: birincisi, islam dərin mənəviyyata malik idi; ikincisi, Qarabağ beynəlxalq karvan ticarət yollarının mühüm mərkəzlərindən biri idi. Xəlifətin şimalda mərkəzi Qarabağ idi (Bərdə şəhəri).
Memarlıqda islam ənənələrinin təşəkkülü
VIII əsrdən başlayaraq burada xristian memarlığının inkişafı dayanmış və tikililərin inşası yeni müsəlman şəhərsalma üslubuna uyğun davam etdirilirdi. Islam tələblərinə uyğun yeni növ tikililərin əmələ gəlməsi əvvəllər formalaşmış memarlıq ənənələrinin inkişafına heç bir maneə törətməmişdir. Tədqiqatlar göstərir ki, Azərbaycan şəhərlərində məscidlərlə yanaşı alban xristian məbədləri də qorunub saxlanmışdır. Bu haqda orta əsrlər ərəb və fars mənbələrində kifayət qədər məlumatlar vardır. Bu Islam dininin monoteist dinlərə rəğbəti hesabına mümkün idi və ona görə də, bu dinlərə aid olan abidələrə dəymirdilər.
Ikincisi, bu abidələr IV əsrdə xristianlığı və VII əsrin ortalarından islamı qəbul etmiş yerli xalqların maddi və mənəvi irsi idi. Bunun bariz nümunəsi Qarabağda qorunmuş alban xristian məbədləridir. Xəlifətin həm Yaxın Şərqdə, həm də Azərbaycanda, o cümlədən Qarabağda, möhkəmlənməsi hesabına yeni üslubda şəhərlər və məscidlər kompleksi inşa olunurdu.
Qarabağda mədəniyyətin inkişafını izləyərək, aşkar edirik ki, arxeoloji qazıntıların nəticələri müxtəlif tikililərin yüksək bədii tərtibatını təsdiqləyir. Məsələn, kapitellərin künclərində qoyun başlarının təsviri, Laçında, Qubadlıda, Xankəndində, Şuşada, Ağdamda, Bərdədə tapılmış kolonnaların əsaslarının bədii tərtibatı. Bunların analoqlarına Azərbaycanın (Qəbələ, Mingəçevir, Təzəkənd, Şamaxı) digər abidələrində də rast gəlmək olar.
Qarabağdakı alban xristian ənənəsinin abidələri və onu əvəzləyən müsəlman növlü tikililər o dövrün inşaat mədəniyyəti, arxitektura formaları və incəsənəti arasındakı əlaqələri, həmçinin onların inkişaf ardıcıllığını izləmək imkanını verir. Tədqiqat göstərir ki, müsəlman dövrünün ideoloji ənənələrini saxlamış və avtoxtonların ənənələrini və milli xüsusiyyətlərini əks etdirən incəsənətin və arxitekturanın qarışması prosesi gedirdi.
Bu dövrdə quruluşca sadə, lakin həndəsi və bitki naxışlarla bədii bəzədilmış binalar inşa olunmuşdur. Beləliklə, orta əsrlərdə müəyyən inkişaf yolunu keçmiş islam mədəniyyətinin xüsusiyyətləri şəhər əhalisinin məişətində və şəhərsalma mədəniyyətində öz əksini tapmışdır.
Qarabağın şəhərləri – Ağdərə, Kəlbəcər, Xocavənd, Şuşa, Xankəndi, Tərtər, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Qubadlı, Zəngilan – müsəlman dövründə meydana gəlmişdilər. Bu şəhərlərin quruluşunda milli-mənəvi və ideoloji təfəkkür tərzi inşa mədəniyyətində öz bədii əksini tapmışdır.
Yeni milli-ideoloji xüsusiyyətlər evlərin və inzibati binaların interyerində özünü göstərirlər. Bu bütün Azərbaycanda, həmçinin Qarabağda, orta əsrlərdə inşa olunmuş memarlıq şedevrləri ilə təsdiq olunur. Ərəb mənbələri Bərdə şəhərində qırmızı kərpicdən tikilmiş gözəl evlərin və üstüörtülü bazarların mövcudluğunu qeyd edirlər. Əlavə etmək lazımdır ki, bu kimi tikililərə bütün müsəlman Şərqində rast gəlmək olar.
XI-XII əsrlərdə Şirvan-Abşeron və Naxçıvan-Marağa məktəblərinin memarlıq istiqamətlərinin geniş yayilması zamanı Qarabağ memarlıq məktəbi də fəaliyyət göstərirdi. Və bu orta əsr Azərbaycan memarlığının inkişafını müəyyənləşdirdi. Bu dördə memarlıq və şəhərsalma, tədbiqi-dekorativ incəsənət inkişaf etməyə başladılar, epiqrafika abidələrinin sayı artdı. Qarabağ zonasında çoxu müsəlman dövrünə aid olan 2000-dən artıq müxtəlif tarixi və mədəni abidələr qeydə alınmışdır.
Bunların arasında yaşayış evləri, ictimai binalar, həmçinin dini tikililər, ziyarət yerləri vardır. Füzuli zonasında – Şeyx Yaqubun türbəsi (XII ə.), Qoç Əhməd kəndində Cümə məscidi, Əhmədallar kəndində Hacı Ələsgər məscidi, Mir Əli məscidi (XIV ə.) və XIV əsrə aid olan məbədlər, şeyx Ibrahimin (XVII ə.), Əhməd Sultan Cəlalın (XIX ə.) türbəsi, Horadizdə – cümə məscidi, Dağlıq Qarabağda – Əskərən qalası, Xankəndi türbəsi, Cəbrayıl rayonunda – “Qız qalası”, Ağdam zonasında – 12 bucaqlı məbəd Xaçın-Turbatlı kəndi yaxınlığında – Şahbulaq qalası, Şahbulaq məscidi, Ağdamın Cümə məscidi, Pənah-Əli xanın və onun nəslinin türbəsi, Abdal-Gülablı kəndində olan hamam (XX ə.), Bərdə rayonunda – Əhsədəm baba türbəsi (XIV), Imamzadə məscidi (XIX), Bəhmən Mirzə türbəsi; Şuşada – 8 bucaqlı türbə, Pənəhabad qalası (Şuşa), Natavanın evi, Mamayı məscidi, Məşədi Şükür Mirsiyab karvansaray məscidi, Culfalar məscidi, Hacı Yusifli, Saatlı, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa (XIX), Xan evi, gimnaziyanın binası; Laçın zonasında – Qarasaqqal tikilisi, Soltan baba, Şeyx Əhməd, Sarı Aşıq (XV), Cimli və Quşçu kəndlərində – Uşaq qalası, Böyük bulaq (XV ə.); Ağcabədidə – Bayat qalası (XVIII ə.), Xəmsə Soltan sarayı – qiymətli tarixi və mədəni abidələrdir.
Bu abidələrin əksəriyyəti memorial tikililərin əsas növünü təşkil edirlər. Qarabağın çox hissəsinin erməni işğalı altında olduğu şəraitdə bu abidələrin çoxu məhv olub.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir