Velotrekdəki alış-verişin bir neçə ay ömrü qalıb
Bir neçə ildir ki, Respublika Velotrekinin təmirə dayanacağı və oradakı yarmarkanın söküləcəyi barədə məlumatlar dolaşırdı. Artıq bu xəbər rəsmən təsdiqlənib. Gənclər və Idman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məsələnin müzakirə mərhələsində olduğunu söyləyib.
Nazirliyin əsaslı tikinti və nəqliyyat sektorunun rəhbəri Arzu Bağırov isə təmir işlərinə 2012-ci ildə başlanılmasının planlaşdırıldığını bildirib. “Nazirlər Kabineti təmir üçün pul ayıran kimi, bu istiqamətdə addımlar atılacaq”.
Oxucuların diqqətinə çatdıraq ki, Velotrekdəki yarmarka əvvəllər Ilham Əliyevin əmisi, akademik Cəlal Əliyevin nəzarətində olub. 2005-ci ildə akademikin hakimiyyətdəki mövqeləri zəifləyəndən sonra yarmarka əldən-ələ keçib. Bəzi məlumatlara görə, indi Velotrekdəki yarmarka Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin rəisi Mirqafar Seyidovun nəzarətindədir. Hər halda yarmarkanın idarə olunmasını “Bandotdel”in yüksək rütbəli əməkdaşlarından biri həyata keçirir.
Yarmarkanın sökülməsi isə yeni avtovağzalın tikilməsindən sonra gündəmə gəlib. Nəqliyyat naziri Ziya Məmmədov bir neçə dəfə yarmarkanı avtovağzaldakı ticarət mərkəzinə köçürməyə cəhd edib. Lakin nazirin istəyi baş tutmayıb. Həmçinin yarmarkanın Ilham Əliyevin əmisi Aqil Əliyevin oğlu Riad Əliyevə məxsus, Masazır qəsəbəsindəki “Gənclər şəhərciyi” ilə üzbəüz ərazidə fəaliyyət göstərən “Ər-Riad” Ticarət Mərkəzinə köçürülməsi planı da olub. Lakin Riad Əliyevin də planı baş tutmayıb.
Velotrek təmirə dayandıqdan sonra oradakı yarmarkanın hara köçürüləcəyi hələlik bəlli deyil.
Informasiya şöbəsi


