Yunanıstanda ümummilli tətil başlandı

Aksiya 48 saat davam edəcək; hava limanları, ictimai nəqliyyat, xəstəxana və məktəblərin fəaliyyəti iflic olub

Yunanıstanda hökumətin iqtisadi siyasətinə və ölkənin ağır durumuna qarşı etirazlar davam edir. Ötən gün ölkədə 48-saatlıq tətilə start verilib. Tətillə əlaqədar aviareyslər təxirə salınıb, ictimai nəqliyyatın işi iflic olub. Bütün müəssisə, xəstəxana, məktəblər və mağazalar bağlanıb. Həmkarlar İttifaqları hökumətin yeni sərt iqtisadi tədbirlər paketinə qarşı etiraz etdiklərini bildiriblər. Əlavə edək ki, sözügedən islahatlar paketinə bu gün ölkə parlamentində baxılacaq.

Yeni layihəyə etirazların daha sərt olacağını düşünən hökumət paytaxt Afinada təhlükəsizlik tədbirlərini gücləndirib. Paytaxt küçələrinə əlavə polis qüvvələri cəlb edilib, parlament binasına və hökumət evinə gedən yollar bağlanıb. Şəhərin mərkəzində isə iki metro stansiyası fəaliyyətini dayandırıb. Yunanıstan hökumətinin başçısı Yorqo Papandreu oktyabrın 18-də hakim partiyanın deputatlarına müraciət edərək, büdcə kəsirlərinin azaldılmasına yönəlmiş sərt iqtisadi tədbirləri dəstəkləməyə çağırıb. Baş nazir ölkədəki vəziyyəti müharibə ilə müqayisə edib.

Xatırladaq ki, bu gün müzakirəyə çıxarılacaq yeni iqtisadi tədbirlər paketində dövlət və sosial sektora ayrılan xərclərin azaldılması, vergilərin isə artırılmasını nəzərdə tutulur. Bunlar maliyyə böhranı ilə üzləşən Yunanıstana edilən beynəlxalq maliyyə yardımının əsas şərtləridir.