Türkiyə İraqa qoşun yeritdi

PKK-nın xain hücumuna türk ordusu dərhal cavab verdi

Abdulla Gül “İntiqamımız ağır olacaq” dedi; Ərdoğan PKK havadarlarına da savaş elan etdi

Dünyanın bir çox ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınan və uzun illərdir “Kürdüstan” dövləti qurmaq uğrunda törətdiyi saysız-hesabsız terror aktları nəticəsində 30 mindən çox türkü qətlə yetirən PKK Türkiyədə növbəti qanlı aksiyalar həyata keçirib. PKK bir neçə saat ərzində Türkiyədə iki terror aktı törədib. Nəticədə 34 nəfər terrorun qurbanı olub.

Azyaşlı da terrorun qurbanı oldu

Ilk olaraq, oktyabrın 18-də Bitlis əyalətində terrorçuların partlayıcı qurğunu işə salması nəticəsində 5 polis əməkdaşı həlak olub. Terrorçular partlayıcı qurğunu Bitlis-Güroymak yolunun 5-ci kilometrliyində polisin zirehli maşını yoldan keçərkən işə salıblar. Partlayış nəticəsində polis maşını havaya uçub. Güclü partlayışın təsirindən yaxınlıqdakı 3 nəfər mülki vətəndaş da həlak olub, 4 nəfər isə yaralanıb. Həlak olanlar arasında azyaşlı uşaq da var.

4 saatlıq qanlı döyüş

Oktyabrın 18-dən 19-na keçən gecə isə Türkiyənin cənub-şərqində, Iraq sərhədindəki Hakkari vilayətinin Çukurca qəsəbəsi ərazisində PKK terrorçuları təhlükəsizlik qüvvələrinin düşərgəsinə hücuma keçib. Terrorçularla əsgərlər arasında qarşıdurma nəticəsində 26 əsgər şəhid olub, 22-i isə yaralanıb.
Məlumata görə, Hakkarinin Çukurca bölgəsindəki hücumda 150-ə yaxın terrorçu iştirak edib. Gecə saat 1-də başlayan hücum səhər saat 5-ə kimi davam edib. Terrorçuların Şimali Iraqdan gəldiyi bildirilir.

Hökumətin fövqəladə toplantısı keçirildi

Türkdilli ölkələrin dövlət və hökumət başçılarının Qazaxıstanda planlaşdırılan toplantısında iştiraka hazırlaşan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Alma-Atıya səfərini təxirə salıb. Onun sədrliyilə Ankarada müdafiə, daxili işlər və ədliyyə nazirlərinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 1-ci müavini, Jandarma Qüvvələri komandanı, kəşfiyyat qurumunun (MIT) rəhbəri və digər rəsmi şəxslərin iştirakı ilə fövqəladə toplantı keçirilib.

Abdullah Gül: “Intiqamımız çox ağır olacaq”

Terror aktına münasibət bildirən Türkiyə prezidenti Abdullah Gül televiziya ilə canlı yayımlanan çıxışında dövlətin mövqeyini sərt ifadələrlə dilə gətirib. Gül Türkiyənin terrorla əzmli və qətiyyətli şəkildə sona qədər mübarizə aparacağını bəyan edib: “Bunu bütün dünya bilməlidir. Dövlətimizi bu hücumlarla geri çəkilməyə vadar edəcəyini düşünənlər görəcəklər ki, bu hücumların intiqamı çox ağır olacaq. Artıqlaması ilə cavablarını alacaqlar. Terrorçulara yardım edənlər də bu əməllərinin nəticələrinə qatlaşacaqlar”.

Ərdoğan Türkiyənin düşmənlərini  xəbərdar etdi


Baş nazir Rəcəb Tayyib Ərdoğan son hadisələrə münasibət bildirərkən qeyd edib ki, ölkəsi təkcə PKK terrorçularına qarşı deyil, onların havadarlarına qarşı da mübarizəni sərtləşdirəcək: “Yalnız dağdakı quldur təşkilata qarşı deyil, o quldur təşkilata sifariş verən, onu sanki bir kukla kimi, bir vasitəçi kimi, satın alma və ya icarə yolu ilə istifadə edən düşmənlərə qarşı da amansız bir mübarizə aparmaqda davam edəcəyik”.
Baş nazir Türkiyənin düşmənlərinə xəbərdarlıq ünvanlayıb. Hökumət başçısı bildirib ki, Türkiyə Sarıqamış, Çanaqqala və Qurtuluş savaşı başda olmaqla, şəhidlərin əziz ruhları üzərində inşa edilmiş bir ölkədir. Türkiyənin düşmənləri bunları yaddan çıxarmamalıdır: “Bu torpaqların hər qarışı şəhid qanı ilə suvarılıb, bu torpaqlar bu şəkildə bizə vətən olub, bayrağımız rəngini şəhidlərimizin al qanından alıb”.

Müxalifət terroru pislədi, hökuməti dərhal istefaya çağırdı


Son terror hadisələrinə münasibət bildirən Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıcdaroğlu hökumətin terrorla mübarizədə aciz olduğunu söyləyib. Onun sözlərinə görə, hökumət dərhal istefa verməlidir.
Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı isə PKK terrorçularının fəal olduğu Türkiyənin cənub-şərq bölgəsində fövqəladə vəziyyət elan olunmasının vacibliyini vurğulayıb. Türkiyə müxalifəti iradlarıyla yanaşı, terror hadisəsini pisləyərək ölkənin milli birliyinə dair çağırışlar edib.

Dünya Türkiyənin yanındadır


Dünyanın bir çox ölkələri Türkiyədə baş verən terror hadisəsini pisləyən mövqe sərgiləyib. Səslənən bəyanatlarda PKK terrorçularının törətdiyi qanlı olayların yalnız Türkiyəyə deyil, bütün insanlığa qarşı yönəldiyi vurğulanıb. ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Nikolya Sarkozi, Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton, NATO-nun baş katibi Anders Foq Rasmussen və başqaları Türkiyədəki son terror aktlarını pisləyərək bəyan ediblər ki, terrorla mübarizə çərçivəsində rəsmi Ankaraya istənilən yardımı etməyə hazırdılar.

Nazir göz yaşlarını saxlaya bilmədi

Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay iştirak etdiyi sərgiyə baxmamışdan əvvəl Hakkari bölgəsində 26 əsgərin şəhid olmasıyla nəticələnən PKK hücumuna münasibət bildirərkən göz yaşlarını saxlaya bilməyib: “Bu insanlar nə etməyə çalışırlar? Əsgərə, polisə, qadına, uşağa silah çəkən insanlar nə etmək istəyirlər? Necə bir dünya qurmaq istəyirlər?”

Türkiyə ilk qisasını aldı: 21 terrorçu öldürüldü

Qanlı terror hadisələrindən sonra Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı bir neçə istiqamətdə əməliyyatlara başlayıb. Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu komandanları ilə birlikdə hadisə yerinə gedib. Hərbi Hava Qüvvələrinə PKK-nın Iraqın şimalındakı mövqelərini bombalamaq əmri verilib. Qırıcılar terror təşkilatının Iraqın şimalındakı mövqelərini bombalamağa başlayıb. Havadan zərbələrlə yanaşı, Iraqın şimalı qurudan top atəşinə tutulub. “France-Presse” agentliyi isə azı 600 türk əsgərinin Iraqın şimalına daxil olduğu barədə məlumat yayıb. Desant-paraşüt briqadaları hərbi helikopterlər vasitəsilə Iraqın şimalına endirilib. Hərbçilər Iraqın içərilərinə doğru 4 km. irəliləyib. Iraqda türk əsgərləri ilə PKK terrorçuları arasında toqquşmalar başlayıb. Əməliyyat nəticəsində PKK terror təşkilatının 21 üzvünün öldürüldüyü bildirilib.

Tural