Bakı Metropoliteninin rəis müavini, Tikinti Idarəsinin müdiri Arif Rəsulovun evindən külli miqdarda pul aparılıb
Oktyabrın 14-ü saat 10:30 radələrində naməlum şəxslər Babək prospektində yaşayan Gülnarə Isgəndərovanın mənzilinə soxulublar. Rəsmi məlumatlarda bildirilir ki, onlar ev sahibinin ağzını və əllərini yapışqan lentlə bağlayaraq döyüb, bıçaqla hədələyərək evdən 50 min manat götürüblər. Xətai rayon Polis Idarəsinin cinayət-axtarış şöbəsi və 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində evə basqın etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Yeganə Rəhimova, Fariz Məmmədov və Fərid Məmmədov oktyabrın 15-də tutulublar. Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb. Quldurluqda şübhəli bilinən şəxslərdən cəmi 3 nəfəri həbs edilib. Zərərçəkmişin ifadəsinə görə, onların sayı 5 nəfər olub. Hazırda digər iştirakçıların tutulması istiqamətində iş aparılır.
“Qafqazinfo”nun məlumatına görə isə evdən 50 deyil, 150 min manat aparılıb. Məlumatda həmçinin deyilir ki, oğurluq olan ev Bakı Metropoliteninin rəis müavini, Tikinti Idarəsinin müdiri Arif Rəsulovundur. Lakin Arif Rəsulov belə bir hadisənin baş vermədiyini deyib. O, Xətai rayonu ərazisində deyil, Yasamalda yaşadığını bildirib.


