Rəfsəncani azad seçki tələb etdi

“Ölkəni böhrandan çıxarmağın yeganə yolu azad seçkilər keçirməkdədir”

İranda siyasi gərginlik davam edir. Prezident Mahmud Əhmədinejadın impiçment edilməsi məsələsi gündəmdə olarkən ölkənin eks rəhbəri ayətullah Haşimi Rəfsəncani jurnalistlərə açıqlamasında xalqın hakimiyyətə etimadsızlığına toxunub.

Ölkənin böhran içində olduğunu söyləyən eks prezidentin sözlərinə görə, azad seçki keçirməklə xalqın hakimiyyətə olan əvvəlki etimadını bərpa etmək mümkündür:“Ölkəni indiki böhrandan çıxarmağın yeganə yolu azad, sağlam seçkilər keçirməkdədir. Ağıllı siyasət yürüdüb iki il müddətində azad, sağlam və şəffaf şəkildə həm parlament, həm prezident, həm də şuralara seçkilər keçirməklə qanunların icrasını təmin edə bilsək, xalqla hakimiyyət arasında yaranmış uzaqlığı aradan qaldıra bilərik”.

Rəfsəncani son illər hakimuiyyətlə xalq arasında yaranmış uçurumun səbəblərini ölkədə ədalətli cəmiyyətin olmamasında görür. O, qeyd edib ki, azad seçkilər keçirməklə islam inqilabından sonrakı illərdə olduğu kimi xalqın hakimiyyətə etimadını bərpa etmək və vətəndaşları yenidən sistemin himayədarına çevirmək mümkündür. İranın xarici siyasətinə toxunan ayətullah yalnız beynəlxalq və bölgədəki olayları düzgün təhlil edib radikal bəyanatlardan uzaqlaşmaqla xarici siyasəti strategiyasını yenidən qurmaqla ölkənin inkişafını təmin etməyin mümkün olduğunu bildirib.