Bu gün Çempionlar Liqasında (ÇL) III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Trabzonspor”un ilk məğlubiyyəti böyük hesablı olub. Bununla da Şenol Günəşin çalışdırdığı komanda liderliyini əldən verdi. İndi qrup lideri onun yeganə qələbəsini üzərində qazandığı “İnter”dir. İtalyanlar evdəki həmin məğlubiyyətdən sonra ardıcıl 2 səfər oyununda minimal fərqlə qalib gələrək, qrupda 1-ci yerə yüksəldi.
İtaliyada bu tur keçirilən ilk oyun isə “sülh”lə nəticələndi. “Bavariya” “Napoli” ilə səfər matçında hesabı erkən açsa da, ilk hissənin sonunda öz qapısına qol vurmaqla, qələbəni əldən verdi. “Mançester Siti”nin ÇL-də ilk qələbəsi əzmkar oldu və bu oyunda da avtoqol meydan sahiblərinin işinə yaradı.
“Mançester Yunayted”lə “Benfika”nın səfər qələbələri eyni hesablı oldu. Mançester təmsilçisi həmşəhərliləri kimi cari mövsümdə ilk qələbəsini qazandı. “Real” vaxtilə ondan üstün olan “Lion”u darmadağın etdi. 3-cü oyununda da uduzan Zaqreb “Dinamo”su qol vurmayan yeganə komandadır.