Ibrahim Ibrahimli: «Qəbələdə yüksək çinli məmurların görüşü hakimiyyət daxilində ciddi proseslərin getməsi barədə mesajdır»
Ilham Əliyev “Əl-Cəzirə” telekanalına müsahibəsində 3-cü dəfə prezidentliyə namizədliyini irəli sürmək barədə hələ qərar qəbul etmədiyini söyləyib. Yayılan bu informasiyanın fonunda bir neçə gün əvvəl Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər naziri Ramil Usubov Qəbələyə səfər edib. Rəsmi məlumatlara görə, onlar rayonda antik dövrə aid yeni tapılan yaşayış yerinə baş çəkiblər. Bəzi mülahizələrə görə, əslində bu, hakimiyyətdəki “Naxçıvan klanı”nın toplantısıdır. Antik dövrün yaşayış məskəninə baş çəkməsini isə diqqəti yayındırmaq üçün düşünülmüş tryuk saymaq olar.
Tanınmış siyasətçi Ibrahim Ibrahimlinin sözlərinə görə, hakimiyyətin gələcəyi ilə bağlı hər zaman bir yox, bir neçə planı olub. Yaxın Şərqdə baş verən hadisələrdən sonra Azərbaycan hakimiyyətinin də gələcək barədə ciddi şəkildə düşünməyə başladığını deyən I.Ibrahimli vurğuladı ki, hələ 2008-ci ildə Mehriban Əliyevanın yüksək səviyyədə təbliğatının qurulması və Heydər Əliyev Fondu vasitəsilə beynəlxalq aləmə çıxışı təsadüfi deyildi. I.Ibrahimli hesab edir ki, M.Əliyevanın indiyə qədər bir sıra titullara layiq görülməsi onun siyasi iddialarından xəbər verir: “Paşayevlər uzun müddətdir ki, hakimiyyət uğrunda mübarizə aparırlar və bu ailə hakimiyyətdəki Naxçıvan-Ermənistan klanını kifayət qədər zəiflədə bilib. Ona görə Naxçıvan klanının təmsilçisi Ramiz Mehdiyev referendum keçirməklə prezidentlik müddətinin artırılması yolu ilə Paşayevlərin qarşısını ala bildi. Amma bu zərbəni almalarına baxmayaraq Paşayevlər ölkədə iqtisadi imperiyalarını qura biliblər. Ərəb inqilabından sonra isə situasiya Paşayevlərin xeyrinə dəyişməyə başladı. Ilham Əliyev də anlayır ki, Qərb ona növbəti dəfə namizədliyini irəli sürməyə imkan verməyəcəyi halda, Mehriban Əliyevanın namizədliyini irəli sürmək barədə düşünmək olar”.I.Əliyevin uzun müddət Naxçıvan və Paşayevlər klanına nəzarət edə bilməyəcəyini deyən I.Ibrahimli vurğuladı ki, ona görə I.Əliyev onlardan birini qəbul etməlidir. Hazırda cərəyan edən proseslərin, Paşayevlərin aktivləşməsinin Naxçıvan klanını narahat etdiyini deyən I.Ibrahimli vurğuladı ki, bu baxımdan R.Mehdiyev, K.Heydərov və R.Usubovun toplaşaraq baş verənlərlə bağlı məşvərət aparması mümkündür: “Hakimiyyət getdikcə Ilham Əliyevin nəzarətindən çıxır. Qəbələdə belə bir görüşün keçirilməsi hakimiyyət daxilində ciddi proseslərin getməsi barədə mesajdır. Amma artıq hakimiyyətdəkilər də başa düşməlidir ki, dünya dəyişir və klanların hakimiyyətdə qalması mümkünsüzdür. Bundan başqa, Azərbaycanda demokratik cəmiyyət qurmağa qadir olan güclü müxalifət də mövcuddur. Bütün bunların fonunda hakimiyyətin ötürülməsi planı keçməz”.]Hikmət


