Heydər Əliyev və müstəqillik

Ilham Əliyev: “Eyni adamlar 20 ildir ki, eyni vəzifədə oturublar və istefa vermək istəmirlər” – bu sözləri Ilham Əliyev “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib. Elə düşünməyin ki, o, ətrafından şikayətçidir. Onlarda istefa mədəniyyətinin olmamasından gileylidir. Əsla. O, bu sözləri müxalifətlə bağlı suala cavab verərkən deyir. Eyni zamanda bildirir: “Biz onlara məhdudiyyət qoymuruq”.ÿ Bu da o anlama gəlir ki, müxalifət istədiyi vaxt istədiyi tədbiri keçirir; yubiley mərasimi, sərbəst toplaşmaq azadlığı, etiraz aksiyaları, mitinq, küçə yürüşü, istənilən zalda yığıncaq, qurultay-filan, bir sözlə, tam azadlıqdır.

Yəqin kimsə çıxardığım nəticəyə etiraz etməz. Müsahibədə həm də vurğulanır, ölkədə internet azadlığı var və bu da o anlama gəlir ki, dünyadan təcrid olunmuş vəziyyətdə yaşamaq mümkün deyil. Elə bu internet vasitəsilə dünya Azərbaycanda baş verənlərdən xəbərdardır. Gerçəklik onlara bəllidir, o cümlədən dünyanın aparıcı “Əl-Cəzirə” telekanalına. Bəs onda yalan nəyə gərəkdir? Azərbaycan tarixində ən önəmli yeri olan Müsavat partiyasının 100 illik yubiley mərasiminin ölkənin saraylarında keçirilməsinə Ilham Əliyev hakimiyyəti imkan vermədi. Yəqin bu məhdudiyyət sayılmır. Azərbaycanın müstəqilliyini qazanmasının 20-ci ildönümü münasibətilə müxalifət partiyalarının bayram yürüşünə Ilham Əliyevin Hacıbalası icazə vermədi. Bunu da məhdudiyyət saymaq olmaz.

Ilham Əliyev prezidentlikdə bir neçə yol qalmaq üçün konstitusiyaya dəyişiklik etdi. Heydər Əliyev isə özündən başqa heç kimi prezident görmək istəmirdi. Onun 20 il qabaq vəzifəyə gətirdikləri – nazirlər və komitə sədrləri hələ də öz postlarındadır. Görünür, Ilham Əliyev hansı kanala müsahibə verdiyinin fərqində olmayıb…
***
AzTV-də bir Ibrahim Məmmədov var. Yalan ruporu əlindən düşmür. Heydər Əliyevi “müstəqilliyin memarı” çıxarmaq üçün əlindən gələni beş qaba çəkir. Nolar, elələri var ki, uşaqlarına çörək qazanmaq üçün hər dona girməyi özünə yaraşdırır. Bunda kimisə qınamağa haqqımız yoxdur. Amma hədlər aşılanda susmamaq olmur. I.Məmmədov deyir ki, hələ 60-70-ci illərdə Heydər Əliyev müstəqil düşüncəli, millətçi ziyalılarımızı sovetin cəza maşınından qoruyurdu. Guya o, bununla gələcək müstəqillik haqqında düşünürmüş. Həmin ziyalılar da Ziya Bünyadov, Bəxtiyar Vahabzadə… və başqalarıdır. Heydər Əliyevin sovet rejimindən “qoruduğu” Ziya Bünyadov elə YAP hakimiyyətinin vaxtında evinin kandarında ağzından güllələndi. Adamı ağızdan güllələmək onun dilini kəsmək, susdurmaq anlamını verir, bunu hamı bilir. Ziya Bünyadovu Heydər Əliyev hakimiyyəti, həm də ordudakı cinayətləri dilə gətirdiyi üçün cəzalandırdı. Sovet rejimindən “qorunan” akademik müstəqillik dövründə qurban getdi.
Azərbaycan xalqı və YAP
Milli Məclis də dünən müstəqillik günü ilə bağlı tədbir keçirib. Nə danışıldığından söz açmağı oxuculara hörmətsizlik sayıram. Amma MM-dəki müzakirələr göstərib ki,  “Azərbaycan baharı” uzaqda deyil. Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, xalq hakimiyyət dəyişikliyinə imkan verməyəcək, ardınca da qayıdıb: “Buna biz imkan verməyəcəyik. Çünki biz… Ilham Əliyevin arxasındayıq”. Bunun anlamı nədir? Xalq imkan verməyəcəksə, onda siz kimsiz? Yox, siz imkan verməyəcəksizsə, onda xalqı niyə bu işə qatırsız? Müstəqillik dalğasında onlar YAP-ın bu xalqa dəxli olmadığını fəaliyyətiylə çoxdan sübuta yetirib. Seçkiləri onun rəyini soruşmadan saxtalaşdırmaqla. Məncə, təkcə bu fakt yetərlidir. Qalanlarını saymağa gərək yox.Bir vaxtlar kommunistlər də Heydər Əliyevin arxasındaydı… YAP-ın əsl simasını isə onun rəhbərlərindən olan Arif Rəhimzadə bir daha ortaya qoyub: “Konstitusiya Aktının əleyhinə səs versəm də, müstəqilliyin inkişafında xidmətlərim böyükdür”.
Ayıbına kor olmamaq buna deyirlər.