Bəxtiyar Sadıqovun yalanlarına tutarlı cavab

Müstəqil mətbuatı yaradanlar o dövrün tarixi faktlarını açıqladılar…

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov “Yeni Azərbaycan” qəzetinə müsahibə verib. “Müstəqillik illərində mətbuat böyük inkişaf yolu keçib” adlı məqalədə bir sıra məqamlara toxunan deputat AXC-Müsavat cütlüyü və Mütəllibov hakimiyyəti dövründə senzuranın qaldığını, azad mətbuatın müxtəlif müdaxilələrlə üzləşdiyini söyləyib.

“Özlərini demokrat adlandıran AXC-Müsavat cütlüyünün ölkəyə rəhbərlik etdiyi zamanda mətbu sahəsində daha dəhşətli hadisələr baş verməyə başladı” deməklə, baş redaktor 1993-cü ilədək müstəqil mətbuatın normal fəaliyyət göstərmədiyini və  ictimai-siyasi proseslərdə iştirak edə bilmədiyini qeyd edib. B.Sadıqov daha sonra hazırkı iqtidarın başlıca məramı və fəaliyyət istiqamətinin ölkədə demokratiya, söz və məlumat azadlığını durmadan genişləndirmək olduğunu bildirib. Azərbaycan mətbuatının müstəqilliyinin formalaşmasını yalnız Heydər Əliyevin iradəsilə bağlayan deputat, bu barədə fikirlərini açıqlayıb.Inkarolunmaz bir həqiqət isə hazırda söz-mətbuat azadlığına sədd çəkilməsi, insan haqlarının pozulmasıyla bağlı Azərbaycandan Avropaya gedən müraciətlərdir ki, baş redaktor bunu unudub. Indiki müxalifətin hakimiyyətdə olduğu dövrdən ibarəylə danışan Bəxtiyar müəllimə o vaxtkı demokratik fikirli şəxslərin hansısa mətbu mübahisəyə yönəlik münasibətini xatırlatmaq istərdik. O zaman daxili işlər naziri vəzifəsini tutan Isgəndər Həmidovla “Istiqlal” qəzetinin baş redaktoru Zərdüşt Əlizadə arasında mübahisə yaranmışdı. Mübahisə zəminində baş verən konflikti həmin dövrdə AXC-nin mətbu orqanı olan “Azadlıq” qəzetinin baş redaktoru Nəcəf Nəcəfov həll etmişdi. Nəticədə nazir vəzifəsini icra edən Isgəndər Həmidov Zərdüşt Əlizadədən üzr istəmişdi. Amma hazırkı iqtidar heç vəchlə günahkar olan hansısa nazirini haqlı olan qarşı tərəfdən üzr istəməyə məcbur edə bilməz.

Bəxtiyar Sadıqovun yuxarıdakı fikirlərilə bağlı mövqeyini öyrəndiyimiz tanınmış yazar Xaliq Bahadır deyir ki, Azərbaycanın bağımsız mətbuat və mediasının tarixi təvazökarlıqdan uzaq olsa da, “Azadlıq” qəzetiylə başlayır. Bu qəzet müstəqil mətbuatın qaranquşu olub: “O vaxtlar ”Azadlıq” qəzetində geniş demokratiya vardı, AXC sədri Əbülfəz Elçibəy demokratik düşüncəli bir şəxs olaraq cəbhənin yığıncaqlarında və redaksiyaya gələrək bizə dönə-dönə deyirdi: “Başqaları sizdən inciməsin deyə, qəzetdə hamıdan çox məni tənqid edin, lap karikaturalarımı verin”. Bunu Avropa və Amerikada demək olar, lakin Azərbaycanda bir siyasi lider məhz özünün qəzetində belə deyir. Biz Elçibəyin prezident olduğu dövrün mediasını yaratdıq. O birillik dönəmin bağımsızlıq mediasının jurnalistləri üçün ən gözəl, dəyərli bir dönəm idi. Sonra isə hakimiyyətə çevriliş, qiyam yoluyla sovet totalitar rejiminin yetirməsi olan Heydər Əliyev gəldi və ondan sonra mətbuata senzura qoyuldu. Senzura 98-ci ilin prezident seçkilərinədək çəkdi. Heydər Əliyev sonadək senzuranı götürməyəcəkdi, sadəcə olaraq,  beynəlxalq basqılar, demokratik dünyanın təzyiqləri nəticəsində o, senzuranı ləğv eləməli oldu”.

Xaliq bəy əlavə etdi ki, xalq yazıçısı Bayram Bayramov rəhmətə gedəndə balaca bir nekroloqa icazə verilmədiyi üçün qəzetdə həmin hissə ağ getmişdi. Senzura nəticəsində bu qəbildən olan çoxsaylı faktlardan danışan Xaliq Bahadır “Azadlıq” qəzetinin o illərdə çoxsaylı ağ səhifələrlə dərc edildiyini yada saldı: “Bəxtiyar Sadıqov kimi adamlar bu cür tarixi danır, inkar edirlər. Hətta Mütəllibov hakimiyyəti dövründə ən kəskin yazıların müəllifi olan mənə qarşı heç bir təzyiq olmurdu”.

Müsavat partiyasının sözçüsü Mehman Cavadoğlu deyir ki, Azərbaycanda müstəqil mətbuatın yaranması tarixi hamıya məlumdur. Xalq hərəkatı illərində yaranmağa başlayan müstəqil mətbuatımız “Azadlıq”, “Azərbaycan”, “Müxalifət”, “Ayna” qəzetlərilə ilk addımlarını atıb: “Hakimiyyət dəyişikliyindən sonra demokratik qüvvələr hakimiyyətdən uzaqlaşdırıldı və ondan sonra inkişaf tendensiyası da dəyişdi. Ölkədə avtoritar rejimin qurulması üçün işlərə start verilərkən bunun fonunda mətbuat yavaş-yavaş sıxışdırılmağa başladı. Həmin vaxtdan da mətbuatın inkişafı əks istiqamətdə getdi. Hakimiyyət hər vasitəylə ölkədə qeyri-azad mətbuat formalaşdırmağa çalışırdı. Təqib-təzyiq, mətbuatın satın alınması yoluyla bu məqsədə doğru gedilirdi. Ona görə də mətbuatın durumu çox acınacaqlı bir vəziyyətdə idi. Vaxtilə Azərbaycanda demokratik institutların ən çox inkişaf edəni 90-cı illərin əvvəllərində məhz mətbuat idi, təəssüf ki, hazırda mətbuat haqda bunu söyləmək olmaz”.

Nigar