Yol çəkənlərin kütləvi tətili fayda verdi

Salyan rayonunda Ələt-Astara avtomobil yolunun tikintisində çalışan Italiyanın Todini şirkətinin azərbaycanlı işçiləri bazar ertəsi səhər tətili dayandıraraq işə çıxıblar.
Onlar bildiriblər ki, şirkət rəhbərliyinə qarşılarına qoyulmuş məsələləri həll etmək üçün bir həftə vaxt verməyə hazırdırlar. Fəhlələr tətilə şənbə günü səhər başlamışdılar. Onlar əmək haqqının aşağı olmasına, əmək şəraitinin pis olmasına və əcnəbi personalın azərbaycanlı işçilərə qarşı təhqiredici münasibətinə etiraz edirlər. Tətilçilər xüsusən əcnəbi və yerli personalın əmək haqları arasında fərqin böyük olmasından, yeməkxanada antisanitariyadan, yaşama şəraitindən narazıdırlar. Onlar həmçinin subpodrat işlərini yerli şirkətin yerinə yetirməsini və s. tələb edirlər.
Italiyanın Todini şirkətinin Azərbaycan üzrə bütün layihələrinin rəhbəri Alberto Kattozi dünən Salyana gedib, tətil edən yerli işçilərlə görüşüb. O, tətilçilərdən işi bərpa etmələrini xahiş edib və şirkətin imkanları daxilində onların tələblərini təmin etməyə söz verib.