Statistika Komitəsindən AXCP-yə qarşı təxribat

Qurumun hazırladığı kitabda siyasi partiyalar siyahısında AXCP yoxdur

Hakimiyyət Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsini Heydər Əliyevin adı ilə bağlamaq üçün ciddi səylər göstərir. Müstəqilliyin əldə edilməsində müstəsna xidmətləri olan şəxsləri cəzalandıran, təqibdən bu iqtidar tarixi saxtalaşdırmaq yolunu tutub.
Bu günlərdə Dövlət Statistika Komitəsinin Dövlət Müstəqilliyinin bərpasının 20 illiyinin qeyd edilməsi ilə bağlı “Müstəqil Azərbaycan 20 il” kitabında əks olunan məqamlar da bunu deməyə əsas verir. Kitabın siyasi partiyalar və ictimai təşkilatlar bölümündə ölkədə fəaliyyət göstərən iri partiyalarla yanaşı adı heç kimə bəlli olmayan siyasi qurumların da adları salınıb. Ancaq Milli Azadlıq Hərəkatının önündə gedən, müstəqilliyin əldə edilməsində müstəsna xidmətləri olan Azərbaycan Xalq Cəbhəsinin, həmçinin hazırda ölkənin ən iri partiyalarından biri olan AXCP-nin adı bu partiyalar arasında yoxdur. Bu da hakimiyyətin AXCP, eyni zamanda AXC-yə qarşı olan qərəzinin göstəricisidir.
Dövlət Statistika Komitəsindən məsələyə aydınlıq gətirmək və AXC ilə AXCP-nin adının kitaba salınmamasının səbəbini öyrənmək istədik. Lakin qurumdan bununla bağlı heç bir dəqiq məlumat verilmədi. DSK-nin əməkdaşları kitabda AXCP-nin adının nə səbəbdən salınmamasına aydınlıq gətirə bilmədi. Onlar məsələni araşdıracaqlarını və tezliklə buna aydınlıq gətirəcəklərini də vəd etdilər.
Istənilən halda, ölkənin ən iri müxalif partiyalarının birinin, həmçinin Milli Azadlıq Hərəkatının öncülü olan təşkilatın adının kitaba salınmaması nə təsadüf, nə də texniki səhv ola bilər. Bu, hakimiyyətin növbəti dəfə tarixi saxtalaşdırmaq cəhdidir.

Fizzə