Əsədi Qəzzafinin aqibəti gözləyir

Zəfər Quliyev: «Bəşər Əsəd rejiminə qarşı vahid beynəlxalq mövqeyə əldə edilsə, onda bu rejimin də aqibəti Qəzzafi rejimi kimi olacaq»

Dünya Birliyinin Suriyaya qarşı təzyiqləri artmaqdadır. ABŞ dövlət katibi Hillari Klinton beynəlxalq təhlükəsizliyə hədə olan Iran və öz xalqını təhlükə altında qoyan Suriya kimi ölkələrə qarşı iqtisadi təzyiqlərin artırılmasının vacib olduğunu bəyan edib. Klinton bu istiqamətdə addımların atılmasını vacib sayır və bunun üçün dünya birliyini daha geniş tədbirlər görməyə çağırıb. Suriya ətrafında halqanın daralmasına baxmayaraq, bu ölkənin diktatoru Bəşər Əsəd geri çəkilmək niyyətində deyil və əleyhdarlarına qarşı güc işlətməkdə davam edir. Xatırladaq ki, Liviya diktatoru Müəmmər Qəzzafi də beynəlxalq aləmin xəbərdarlığına məhəl qoymadı. Nəticədə Qərb qüvvələrinin hərbi müdaxiləsi nəticəsində hakimiyyəti ilə vidalaşmalı oldu. Eyni yolu tutan Bəşər Əsədi də Qəzzafinin aqibəti gözləyə bilərmi?

Politoloq Zəfər Quliyev bunu mümkün hesab edir. Lakin bunun üçün Qərb Suriya ilə bağlı tam yekdil dəstəyə malik olmayıblar. Suriyanın strateji əhəmiyyətinin yüksək olması bu ölkə ilə bağlı maraqları parçalayır: “Rusiyanın  sanksiyalara razılığını almaq çətin məsələ idi. Kreml Bəşər Əsədi müdafiə edir, Suriyada insanlara qarşı aparılan repressiyalara göz yumurdu. Lakin son zamanda Moskva Suriyada hakimiyyətin dəyişdirilməsi ilə bağlı mövqeyini bildirməyə məcbur oldu. Suriya ilə bağlı ərəb ölkələrində də vahid mövqe yoxdu. Iran çox sərt mövqedə durur və Bəşər Əsədə kömək etməyə çalışır. Çinin mövqeyi isə aydın deyil”.

Ekspert Liviyaya münasibətdə olduğu kimi, ABŞ beynəlxalq dəstəyə nail olmağa çalışacağını deyir. Bu istiqamətdə işlər artacaq. Bəşər Əsəd rejiminə qarşı vahid beynəlxalq mövqeyə əldə edilsə, onda bu rejimin də aqibəti yaxın zamanda Qəzzafi rejimi kimi olacaq. 

Fizzə