“Naxçıvan klanı”nın gizli toplantısı

Ramiz Mehdiyev, Kəmaləddin Heydərov və Ramil Usubovun Qəbələ səfərində əsas məqsəd nədir?

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər naziri Ramil Usubov Qəbələyə səfər edib. Rəsmi məlumatlara görə, onlar rayonda antik dövrə aid yeni tapılan yaşayış yerinə baş çəkiblər. Ola bilər. Xəbərin yalan olduğunu iddia etmirik.
Ramiz Mehdiyev, Kəmaləddin Heydərov və Ramil Usubov Qəbələyə səfər çərçivəsində yeni tapılan hansısa qədim yaşayış məskəninə baş çəkə bilər və burada qeyri-adi heç nə yoxdur. Lakin onların məhz bu məqsədlə Qəbələyə getdiyinə inanmaq bir qədər çətindir. Tutaq ki, Qəbələ Kəmaləddin Heydərovun kurasiyasında olduğu üçün “fövqəlnazir” rayona aid ən xırda məsələlərlə belə, şəxsən maraqlanmaq mükəlləfiyyəti daşıyır. Hətta fövqəladə hallar naziri kimi onun arxeoloji qazıntıları gözdən keçirə bilməsini də qəbul edirik. Ramiz Mehdiyevlə Ramil Usubovun isə “ekspedisiya”ya daxil edilməsi heç cür başa düşülmür. Arxeologiya sahəsinin bu adamlara heç dolayısı ilə də dəxli yoxdur. 
Əslində, Kəmaləddin Heydərovun yanında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və Milli Elmlər Akademiyasının müvafiq institutunun nümayəndələri yer almalı idi.
Hələ biz onu demirik ki, adıçəkilən məmurlar arasında münasibətlər o qədər də ürəkaçan deyil. Kəmaləddin Heydərovla Ramil Usubov bir neçə il əvvəl baş vermiş insidentə görə üz-göz olublar. Söhbət “fövqəlnazir”in qardaşı Səməd Heydərovla daxili işlər nazirinin cangüdəni Kandaurov arasında baş verən silahlı münaqişədən gedir.  
Ramil Usubovun Ramiz Mehdiyevə yaxın şəxs olması, eyni zamanda Kəmaləddin Heydərovun iqtisadi gücü və bundan irəli gələn hakimiyyətdə ikinci şəxsə çevrilmək iddiası PA rəhbərinin maraqları ilə üst-üstə düşmür və bu, “fövqəlnazir”lə onun arasında da ziddiyyətlərin yaranmasına səbəb olub. Bu şəxslər, hətta fövqəladə əhəmiyyət kəsb edən tədbirlərdə yanaşı durmamağa çalışırlar. Bəs onda Qəbələ səfərində əsas məqsəd nə ola bilər?
Bəzi mülahizələrə görə, əslində bu, hakimiyyətdəki “Naxçıvan klanı”nın toplantısıdır. Antik dövrün yaşayış məskəninə baş çəkməyi isə diqqəti yayındırmaq üçün düşünülmüş tryuk hesab etmək olar. Yeri gəlmişkən, toplantının niyə PA-da, FHN-də yaxud DIN-də keçirilmədiyi barədə baş sındırmağa dəyməz. Qısa deyəcəyik: Bu məmurların bir-birlərinin kabinetində görüşmələri daha çox diqqət cəlb edər və hakimiyyət daxilindəki vəziyyətin  nəzarətdən çıxmasına qədər dramatikləşə bilərdi.
Ehtimal olunur ki, beynəlxalq aləmin Azərbaycan hakimiyyətinə münasibətinin dəyişməsi və bu fonda iqtidar daxilində vəziyyətin gərginləşməsi Kəmaləddin Heydərovla Ramiz Mehdiyevin timsalında iki qrupa bölünmüş “Naxçıvan klanı”nın bir araya gəlməsini zəruri edib. Ramiz Mehdiyev, Kəmaləddin Heydərov və Ramil Usubovun Qəbələ səfərinin, Ilham Əliyevin “Əl Cəzir”ə telekanalına verdiyi müsahibədə 2013-cü ildə keçiriləcək prezident seçkisində iştirak etməklə bağlı qeyri-müəyyən açıqlaması ilə üst-üstə düşməsi də təsadüf olmaya bilər. Qeyd edək ki, Ilham Əliyev müsahibəsində seçkidə iştirak edib-etməyəcəyi barədə qərar vermədiyini deyib. Görünür, “Naxçıvan klanı” bu açıqlamadan ciddi narahat olub. Çünki Ilham Əliyevin prezident seçkisinə qatılmaması ölkə başçısının xanımı Mehriban Əliyevanın önə çıxmasına “yaşıl işıq” yandıra bilər. “Naxçıvan klanı”nda bu narahatlıq hələ 2008-ci ildə yaranmışdı. Ilham Əliyev ikinci dəfə prezident postuna yiyələnəndən sonra 2013-cü ildə Mehriban Əliyevanın prezident seçkilərinə qatılacağı müzakirə mövzusuna çevrilmişdi. “Bakı-Şirvan klanı”nın bu istiqamətdə aktiv səyləri “Naxçıvan klanı”nı qabaqlayıcı tədbirlər görməyə məcbur etdi. Nəticədə 2009-cu il 18 mart referendumu ilə Paşayevlərin planının üzərindən xətt çəkildi. Lakin son vaxtlar yenidən bu məsələ müzakirə mövzusuna çevrilib. Xüsusilə, Ilham Əliyevin artıq Qərbdə qəbul edilməməsi barədə yaranmış qənaət Mehriban Əliyevanın 2013-cü il seçkisində iştirak edəcəyi barədə ehtimalları gücləndirib. Fransa prezidenti Sarkozinin Azərbaycana səfəri və Mehriban Əliyevanı şəxsən təltif etməsi də bura əlavə olunsa, “Naxçıvan klanı”nın əsassız yerə narahat olmadığını söyləmək olar. Mümkündür ki, Qəbələdə keçirilməsi ehtimal olunan toplantıda bu məsələ müzakirələrin ana xəttini təşkil etsin. Hər halda Qəbələ səfərinin arxasında “Naxçıvan klanı”nın toplantısı dayanıbsa, orada nələrin müzakirə olunduğu hakimiyyətdaxili proseslərdə özünü göstərəcək.

Vidadi