Əliyev mötəbər tədbirə çağırılmadı

Azərbaycan rəhbərliyi nüvə təhlükəsizliyi sammitinə dəvət almaq üçün səfərbər olunub

 

Rəsmi Bakı 2012-ci ilin martında Seulda keçiriləcək növbəti nüvə təhlükəsizliyi sammitində iştirak üçün dəvət almağa çalışır. Bu barədə “Turan”a ABŞ-dakı məlumatlı mənbələrdən bəlli olub.
Xatırladaq ki, nüvə təhlükəsizliyi üzrə əvvəlki sammit 2010-cu il aprelin 12-də Vaşinqtonda keçirilmişdi. Tədbirdə Gürcüstan və Ermənistan da daxil olmaqla, dünyanın 40 ölkəsindən dövlət və hökumət başçıları iştirak edib. Lakin Azərbaycan sammitə dəvət olunmamışdı.
Bu, Bakı və Vaşinqton arasında münasibətlərdə gərginlik yaratmışdı. Azərbaycanın sammitə dəvət olunmaması onunla əsaslandırılmışdı ki, görüş “nüvə proqramı” olan dövlətlər üçün keçirilir. Lakin bu açıqlama Bakını qane etməmişdi.
“İkinci sammit 2012-ci ilin martında Seulda keçiriləcək. Razılaşmaya əsasən, tədbirə birinci sammitin iştirakçıları qatıla bilər. İştirakçıların siyahısı hazırlanıb və sammitin proqramı hazırlanır. Azərbaycan onun da iştirakçıların siyahısına daxil edilməsinə israr edir”, – mənbə vurğulayıb.
“Azərbaycanın rəsmi şəxsləri Ermənistanın iştirak etdiyi tədbirdən kənarda qalmamaq üçün təkidli səylər göstərir. Lakin hələlik məsələ açıq qalır”, – mənbə qeyd edib.
Nüvə təhlükəsizliyi üzrə sammitlərin  məqsədlərindən biri nüvə terrorizmi təhlükəsindən müdafiə tədbirlərinin hazırlanması, nüvə materiallarına nəzarət yollarının axtarışı və onlardan dinc məqsədlə istifadədir.