İlham Əliyev Müstəqillik Gününü ələ saldı

Ölkə başçısı azadlıq mücadiləsi verən insanlara haqsızlıq etdi, bu mübarizəyə dəxli olmayanları mükafatlandırdı

Ilham Əliyev Müstəqillik Günü ilə əlaqədar bir qrup şəxsi təltif edib. Təltif olunanların siyahısı dünən axşam saatlarında yayılıb. Siyahıda Milli Azadlıq Hərəkatında rolu olan bircə nəfər də tanınmış ictimaiyyət adamı yoxdur. Ölkə başçısı heç istiqlalçı deputatları da mükafatlandırmaq istəməyib. 3-cü “Vətənə xidmətə görə” ordeni və “Tərəqqi” medalı ilə təltif edilən bu şəxslərin, ümumiyyətlə, Azərbaycan üçün hansı xidmətlər göstərdiyi bəlli deyil.
Lakin təltif olunanlardan bir neçəsinin kimliyini öyrənə bilmişik. Onlardan biri Qəmbər Qurbanov “Azəryolservis”in şefi Cavid Qurbanovun atasıdır. Əbdürrəhman Vəzirovun dövründə Gədəbəyin birinci katibi olub. Qəmbər Qurbanovun müstəqilliyə nə dərəcədə dəxli olduğunu bir Allah, bir də Ilham Əliyev bilər. Bizə isə bu barədə heç bir fakt məlum deyil.
Siyahıda adı keçən Fikrət Zeynalov isə Dövlət Yol Polisi Idarəsinin rəisi Ramiz Zeynalovun qardaşıdır. O, 4 saylı xəstəxananın baş həkimi vəzifəsində çalışır. Onun da müstəqillik uğrunda xidmətləri şübhəlidir. 
Təltif olunanlardan diqqətimizi cəlb edənlərdən biri də Məryəm Həsənova oldu. Düşündük ki, o, 1991-ci ildə müstəqilliyin lehinə səs verən 43 istiqlalçı deputatdan biri olan Məryəm xanımdır. Lakin sonradan bəlli oldu ki, bu başqa Məryəm Həsənovadır. Təltif olunan Məryəm Həsənova Məhəddəm qızıdır. “Yeni Müsavat” isə məlumat yayıb ki, istiqlalçı deputat Məryəm Həsənovanın atasının adı Mirdaməddir. Məlumatda həmçinin deyilir ki, təltif olunan Məryəm Həsənova YAP üzvüdür.
Bu faktlar göstərir ki, siyahı hazırlanarkən təltif olunanların Azərbaycana deyil, Əliyevlərə göstərdiyi xidmətlər nəzərə alınıb.

Informasiya şöbəsi