Ipoteka kreditlərinin şərtləri dəyişdirilməlidir

Vüqar Bayramov: «Vətəndaş 50 min manatın qarşılığında 125 min manat ödəyir, bu da kifayət qədər böyük məbləğdir»

2012-ci ilin dövlət büdcəsində sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün Ipoteka Fonduna 20 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. Bildirək ki, cari ildə sosial ipoteka kreditlərinin verilişinə büdcədən 14,2 milyon manat vəsait yönəldilib. 2010-cu ildə isə bu rəqəm 14 milyon manat təşkil edib.Ümumilikdə isə fəaliyyətə başladığı dövrdən Ipoteka Fonduna dövlət büdcəsindən 116 mln. manat vəsait ayrılıb. Onu da deyək ki, Gənclər və Idman Nazirliyi sosial ipoteka kreditlərinin verilməsi şərtlərinin tezliklə dəyişdirilməsi təklifi ilə çıxış edib. Bunu “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına daxil edib. Həmin təkliflərə görə, dövət vəsaiti hesabına maliyyələşdirilən sosial ipoteka kreditləri üzrə faiz dərəcəsi illik 4%-dən 2%-dək endirilməlidir. 

Nazirlik faizlərin endirilməsi ilə yanaşı ipoteka alarkən ilkin ödəmənin ləğvini, kreditin maksimum məbləğinin artırılmasını da  irəli sürür. Iqtisadi və Sosial Inkişaf Mərkəzi (ISIM) Vüqar Bayramov bildirir  ki, təkcə sosial deyil, adi ipoteka kreditlərinin də faiz dərəcələri yüksəkdir:”50 min manatlıq kredit götürən vətəndaş 25 il müddətində, yəni kreditin qaytarıldığı dövrdə təxminən aldığı puldan 2,5 dəfə çox kredit qaytarmalı olur. Bununla da 50 min manatın qarşılığında 125 min manat vəsait ödəyir. Hansı ki, bu da kifayət qədər böyük məbləğdir. Nəzərə alsaq ki, Avropa ölkələrində ipoteka kreditləri 4 faizdən yuxarı verilmir. Hətta qonşu Türkiyədə adi ipoteka kreditlərinin faiz dərəcəsi 3,7 faizdir. Azərbaycanda da kreditlərin faiz dərəcəsinin azaldılmasına ehtiyac var. Faizlərin yüksək olması orta və aztəminatlı insanlara ipoteka kreditləşməsindən faydalanmağa imkan vermir. Kreditlərin verilməsində digər problem tələb olunan əmək haqqı məbləğinin yüksək olması ilə bağlıdır. 

Ipoteka krediti almaq üçün 700 manat və ya daha çox əmək haqqı tələb olunur. Bu rəqəm isə Azərbaycandakı orta aylıq əmək haqqından iki dəfə çoxdur”.Mütəxəssis ipoteka kreditləri üzrə maksimum məbləğlərin dəyişdirilməsini mühüm sayır. Onun fikrincə, ipoteka proqramının əmlak bazarına təsir etməməsinin əsas səbəbi məhz maksimum məbləğin kiçik olmasıdır:”Adi ipoteka kreditləri 50 min manat, sosial ipoteka kreditləri 35 min manatdır. Hər iki məbləğ əmlak bazarında canlanma yaratmır. Təklif edirik ki, sosial ipoteka kreditlərinin maksimum məbləği 50 min manata, adi ipoteka kreditlərinin maksimum məbləği isə 70 min manata çatdırılsın. Növbəti mərhələlərdə fondun gəlirlərindən, eləcə də dövlət büdcəsindən ayırmalardan asılı olaraq bu rəqəmlər dəyişdirilə də bilər”.Iqtisadçı eyni zamanda sosial ipoteka krediti almaq hüququ olanların strukturunun dəyişdirilməsini bir sıra peşə sahiblərinin və eləcə də jurnalistlərin bu növ kreditlərdən yararlanmasına imkan verilməsini məqbul hesab edir.

Sosial ipoteka kreditlərinin verilməsi prosesində bürokratik əngəllər də çoxdur. Bankların əksəriyyətində süründürməçiliyə yol verilir. Həmçinin ipoteka krediti alan gənclərdən 16 sənəd tələb olunur. Bununla da Azərbaycanı dünya ipoteka tarixində gənclərə verilən ipoteka kreditləri üzrə ən çox sənəd tələb edən ölkə hesab etmək olar.
Həmin sənədlər arasında elələri var ki, onların tətbiqi kifayət qədər absurd görsənir. Proqrama əlçatanlığı təmin etmək üçün sənədlərin sayı azaldılmalıdır”.
V.Bayramova görə, ipoteka kreditlərinin verilməsi prosesi elektronlaşdırılmalıdır: “Əks halda bir sıra banklarda süründürməçilik, qeyri-rəsmi ödənişlərin tələb edilməsi halları artacaq. Ipoteka kreditlərinin indiki verilmə şərtləri ilə bu korrupsiyanın qarşısını almaq mümkün deyil”. 

Xəyal