«Karyerimi əlimdən almaq üçün icra başçısının göstərişilə polislər gözlərimi kor elədi, özümü də həbsxanaya saldı»
«Süleyman Mikayılov çox böyük haqsızlıqlar edir, insanları tapdayır, onların əlindən bir tikə çörəyini alır»
Şikayət məktubuyla “Azadlıq”a üz tutan Zahid Şahbazi hazırda həbsxanadadır. Onun şikayətilə elə öz dilindən tanış olaq:“Mən ”Bərəkət” firmasının balansında olan karyer sahəsindən 1 hektar sahə icarəyə götürdüm. Sonra bankdan da kredit götürüb, texnika aldım. Karyer sahəsi özünü doğruldanda Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov həmin sahəyə göz dikməyə başladı. O, bizdən karyeri təhvil verməyimizi istəyirdi. Bizə sifariş göndərdi ki, guya Kəmaləddin Heydərovun bağ evinə daş getməlidir. Bizim karyerə dəfələrlə polis dəstəsi göndərmişdi ki, onu təhvil verək. Biz isə neçə illər zəhmət çəkib qan-tər içində əlləşib-vuruşub əmələ gətirdiyimiz karyer sahəsini heç kimə vermək niyyətində deyildik. Icra başçısı 30-35 nəfər polis əməkdaşını maşınla üstümüzə göndərdi, onlar zorakılıqla hücum edərək, bizi döyməyə başladılar. Sonra da bizi maşının içinə saldılar. Başıma avtomat qundağıyla vururdular, fəhlələrin gözlərinə zəhərli maddə vurub hamısını kor kimi etdilər. Gözümə o qədər vurmuşdular ki, yaman gündə idim. Yaralı gözümün üstündən çox qüvvətli bir zərbə aldım və ondan sonra daha heç yeri görmədim. Məni maşının “baqajı”na saldılar. Hadisələr elə ani şəkildə baş verdi ki, heç nə anlamaq olmurdu. Iki polis işçisi qolumu sındırmaq istəyirdi, gözüm görməsə də, belə qoçaq hərəkəti ermənilərə nümayiş etdirməyi tövsiyə eləyəndə başıma 10-15 dəfə qundaqla vurdular. Xarici markalı maşında apararkən mənə aramsız zərbələr endirirdilər. Polisin biri əyilib qulağıma pıçıltıyla gözümün çıxıb-çıxmadığını soruşdu. Mən də ona gözümün görmədiyini dedim. Polis yenidən dedi ki, gözün çıxmayıb, amma bunlar elə bilir gözün çıxıb, sakit otur, hiss eləsələr ki, gözün çıxmayıb basıb nə iləsə çıxaracaqlar. Çünki Süleymanın əmridir ki, Zahidlə şəriki Maşallahın sol gözünü çıxardın.
22 avqustda baş verən hadisədən sonra bizi polis idarəsinə gətirdilər, Maşallahın ağrıya dözümü qalmamışdı, qışqıraraq gözünün niyə belə olduğunu soruşurdu. Onu xəstəxanaya apardılar, mənimsə ekspert gəlib şəklimi çəkəndə dedi ki, ay qardaş, bu nədi, səni, yəni insan bu hala qoyub? Ona dedilər ki, bunun şəklini çək, o da bir neçə dəfə çəkdi. Sonra polisdə dindiriləndə bir cavan oğlan məndən soruşdu ki, gözünə nə olub, mən də ironiya ilə dedim ki, “görmürsən nə olub? Yıxılmışam, daşa dəyib”. Söz ağzımdan çıxmamış oğlan çıxıb-getdi. Kağıza da elə-belə yazıb, guya, mən yıxılaraq gözümü bu günə saldığımı ciddi şəkildə demişəm. Məni Qaradağ məhkəməsinə aparanda orada nə üçün bu vəziyyətə düşdüyümü dedim. Dedilər, bəs bildirmisən ki, yıxılıb bu günə düşmüşəm? Mən isə bu hala düşməyimin əsl səbəbini danışdım. Yenidən polis idarəsinə gətirildim, səhəri gün isə məni həbsxanaya göndərdilər. Düşündüm ki, gözüm sağalar, sonra görərəm. Amma gözüm görmədi, çünki qarası içinə yayılıb. Özüm halsız, gözüm çıxmış vəziyyətdə həbsxanada qalmışam. Şərikimin də gözü həmin formada xəstəxanadadır. Süleyman Mikayılov isə texnikasıyla karyeri özününküləşdirərək verib Səxavət adlı bir adama.
Mən üzümü ölkə başçısına tutub Qaradağ rayon icra başçısının əməllərini göstərirəm. Icra başçısı böyük haqsızlıqlar edir, insanları tapdayır, onların əlindən bir tikə çörəyini alır. Onun vəzifəsindən sui-istifadə etməsinin qarşısını alın, yoxsa daha çox haqsızlıqlar törədəcək”.
Sosial şöbə


