Xamneyi isə prezident postunun ləğvini istisna etməyib
Iran prezidenti Mahmud Əhmədinejadın impiçment məsələsi yenidən gündəmə gəlib. Parlamentin deputatı mandatından imtina edən Əli Mütəhhəri jurnalistlərə açıqlamasında Əhmədinejadın impiçment olunmasına qoyulan qadağaya sərt münasibət bildirib.
Qeyd edək ki, Əli Mütəhhəri ölkə prezidentinin parlamentdə impiçment olunmamasına etiraz olaraq, oktyabrın 12-də mandatından imtina etmişdi.“Biz prezidenti impiçment etmək üçün bütün yollara əl atsaq da, heç bir nəticə əldə edə bilmədik. Məhz buna etiraz əlaməti olaraq, deputatlıqdan istefa verdim. Mən öz hərəkətimin doğru olduğuna inanıram” deyən Mütəhhəri parlamentin indiki üsulla idarə olunmasının düzgün olmadığını bildirib. O, parlament sədrinə və parlamentin Rəyasət Heyətinə etirazının olduğunu da söyləyib.Keçmiş deputatın sözlərinə görə, parlamentarilərin öz qanuni səlahiyyətlərini səmərəli həyata keçirə bilməsi üçün prezidentin impiçment olunmasına qoyulan maneə aradan qaldırılmalıdır. Mütəhhəri bildirib ki, prezidenti impiçment etmək səhv addım olsa belə, ölkə başçısının parlamentə çağırılaraq, hesabat sorulması üçün deputatlara imkan yaradılmalıdır. Çünki prezident atdığı addımlara və etdiyi səhvlərə görə cavabdeh olmalıdır.
Xatırladaq ki, iyunun 26-da Iran parlamentinin 100 deputatı Mahmud Əhmədinejadın impiçment olunması üçün parlamentin Rəyasət Heyətinə müraciət etmişdi. Müraciət Əli Mütəhhərinin təşəbbüsü ilə hazırlanmışdı. Iyunun 27-də isə parlamentin Rəyasət Heyəti Əhmədinejadın impiçmentinin məqsədəuyğun olmadığı haqda qərar qəbul edib.
Bu arada, ölkənin ali dini lideri Əli Xamneyi tələbələr qarşısında çıxışı zamanı maraqlı bəyanat səsləndirib. Xamneyi prezident postunun ləğv olunub, baş nazir postu ilə əvəz edilməsində heç bir problem görmədiyini bildirib: “Hazırkı şəraitdə ölkənin siyasi sistemi prezidentliyə əsaslanır. Lakin uzaq gələcəkdə bir gün hiss olunsa ki, icra hakimiyyəti məsullarını parlamentin seçməsi daha səmərəli və məqsədəuyğundur, onda hazırkı sistem və vəziyyətin dəyişməsində heç bir problem yoxdur”.
Hələ ötən ayın sonlarında parlamentin mühafizəkar deputatı Həmidrza Katuziyan ölkədə prezident postunun ləğv edilməsi, baş nazir postunun bərpası ətrafında danışıqlar getdiyini açıqlamışdı: “Son vaxtlar siyasi nəzəriyyəçilər arasında belə bir təklif ətrafında müzakirələr gedir ki, Əli Xamneyinin mütləqiyyətə söykənən titulu və vəzifəsi nemətinə malik olan ölkəmizdə prezidentə ehtiyac yoxdur. Ölkədə icra hakimiyyətinə rəhbərliyi parlamentin seçdiyi baş nazir həyata keçirə bilər. Bu ideya o baxımdan önəm daşıyır ki, icra hakimiyyəti, onun rəhbəri deputatlar qarşısında cavabdeh ola bilər. Prezident postunun ləğv edilərək yerinə baş nazirin gətirilməsi təklifi haqda hazırda güclü siyasi imici olan deputatlar arasında danışıqlar gedir, məsələ hərtərəfli araşdırılır”.
Tural


