Hicaba görə tutulan daha 4 nəfərə hökm oxundu

Təhsil Nazirliyinin qarşısındakı aksiyaya görə 3 nəfər həbsxanaya göndərildi, bir nəfər azadlığa çıxdı

Nərimanov rayon Məhkəməsində mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirilən aksiya ilə bağlı saxlanılan 4 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Mayıs Abdullayev, Rəşad Vəliquliyev, Tərlan Ismayılov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Şirxan Orucov barəsində isə 2 il sınaq müddəti ilə 3 il 6 ay şərti cəza təyin olunub.  O, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, həmin aksiya ilə bağlı saxlanılan digər 5 nəfərə artıq hökm oxunub. Onlardan ikisi- Rövşən Məmmədov və Əlvan Hüseynovun barəsində 3 il müddətinə şərti cəza təyin olunub, Araz Ismayılov 2 il 6 ay, Rüfət Nuriyev və Nurani Məmmədov isə 2 il müddətinə azadlıqdan məhrum edilib.