İctimai Palata oktyabrın 18-də Müsavat Partiyasının qərargahında müstəqilliyimizin 20 illiyini möhtəşəm bayram tədbiri ilə qeyd etdi. Tədbirdə İP üzvləri, millət vəkilləri, partiya rəhbərləri və KİV rəhbərləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Müsavat Partiyasının başqanı İsa Qəmbər salona toplaşanları bayram münasibəti ilə təbrik etdi.
“Bu gün biz burda Azərbaycanın tarixindəki ən şərəfli bayramlardan birini qeyd edirik. Əhəmiyyətinə görə bu gün 28 May Azərbaycan Cumhuriyyətinin yaranması gününə bərabər bir bayramdır. Bu gün burda xalq hərəkatına rəhbərlik edənlər, orada iştirak edənlər, hərəkatın aparıcı qüvvələrindən olan insanlar iştirak edir. Eşq olsun hərəkatın veteranlarına. Sevindirici hal ondadır ki, bu gün bayram tədbirimizdə müstəqilliyimizlə həmyaşıd gənclər də iştirak edirlər. Müstəqilliyimizin lideri Əbülfəz Elçibəy özü cismani burda olmasa da, onun ruhu bizim aramızdadır. İstərdik ki, bu bayram tədbirini daha geniş bir məkanda qeyd edək. Amma, bu o qədər də önəmli deyil. Əsas odur ki, bütün xalqımızda bayram əhval-ruhiyyəsi var və xalqımız mübarizəyə davam edir. Bu gün bizim müstəqillik hərəkatımıza rəhbərlik etmiş şəxslər zindanda yatır. Arif Hacılı başda olmaqla, bütün hərəkat liderlərini salamlayır, bayramlarını təbrik edirəm”.
Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli xalqımızın süni bayramaları qeyd etməyə öyrəşdirildiyini söylədi: “Əsl mübarizə bayramamız budur. İstərdik ki, bu bayram bütün Azərbaycan miqyasında bunu haqq edən insanların iştirakı ilə keçirilsin. Bu bayramda müstəqillik hərəkatının aparıcı simalarından olan əqidə dostlarımız zindanda deyil, burada aramızda olsunlar. Kaş elə bir vəziyyət olardı ki, bizim əqidə yoldaşlarımız bu gün aclıq aksiyası etməzdilər. Qonşu otaqda aclıq aksiyası davam edir. Biz onlara bu gün aksiyanı dayandırmağı xahiş etdik. Lakin, onlar yenə də əqidələrinə sadiq qalaraq aclıq aksiyalarını dayandırmayacaqlarını söylədilər. Bu bizim bayram əhval-ruhiyyəmizi daha da yüksəltdi”.
Daha sonra istiqlalçı millət vəkilləri, İP üzvləri, siyasi xadimlər çıxış etdilər. Daha sonra qonaqlar nəfis şəkildə tərdib olunmuş bayram masası arxasına keçdilər.
“Yeni Müsavat”