Aksiyaya güclü ictimai dəstək var
Məhbus Ailələri Komitəsinin təşəbbüsü ilə keçirilən aclıq aksiyası davam edir. Aksiya oktyabrın 14-də Müsavat Partiyasının qərargahında siyasi məhbuslara azadlıq tələbi ilə başlayıb.
Məhkum olunmuş fəallar Elnur Məcidli və Rüfət Hacıbəylinin valideynləri Arzuman Məcidli və Ibrahim Hacıbəyli, həmçinin gənc fəal Dəyanət Babayev səhhətlərindəki problemlə əlaqədar aclığı dayandırmalı olublar.
Oktyabrın 18-də aclıq aksiyasına 3 qadın qoşulub – Ellada Məmmədli, Sevda Laçınlı, Rəhimə Məcidli. AXCP sədrinin müavini Nurəddin Məmmədli, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, Müsavat gənclər təşkilatının üzvü Idris Əmiraslınlı da aclığa başlayıb.
Bu günəcən Ictimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunan AXCP üzvü Elnur Məcidlinin atası, Məhbus Ailələri Komitəsinin sədri Arzuman Məcidli, Müsavat Partiyasının üzvü Rüfət Hacıbəylinin atası Ibrahim Hacıbəyli, AXCP fəalı Dəyanət Babayev, Müsavat Partiyasının üzvü Novruz Orucov, AXCP sədrinin müavini, Ictimai Palatanın Qadınlar Şurasının sədri Gözəl Bayramlı və AXCP Ali Məclisinin sədr müavini Iradə Əliyeva aclıq edirdi.
Aclığı edənlərə gün ərzində AXCP və Müsavat partiyasının funksionerləri və fəalları, o cümlədən demokratik düşərgənin nümayəndələri baş çəkib.
Dünən AXCP sədri Əli Kərimli də aksiyaçıları ziyarət edib. O, aksiya keçirənlərin fədakarlığını yüksək qiymətləndirdiyini deyib, eyni zamanda bu bayram günündə kampaniyanı dayandırmağı onlardan xahiş edib. Ə.Kərimli xüsusilə xanımların aksiyanı dayandırmasını istəyib: “Bu aclıq fonunda bayram keçirmək bizim üçün çox çətindir”. Lakin aksiyaçı Gözəl Bayramlı bununla razılaşmadıqlarını bildirib: “Heç kim bizim yaşadığımız çətinliyi gözə almamalı, fərəh və sevinc hissi ilə müstəqilliyi qeyd etməlidir”.
Qeyd edək ki, aprelin 2-də müxalifətin Bakıda keçirdiyi aksiyaya görə biri şərti həbs cəzası almaqla 14 aksiyaçı azadlıqdan məhrumetməyə məhkum olunub. Ruslan Bəşirli 2005-ci ildən həbsdədir, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev 2011-ci ilin mayında, Vidadi Isgəndərli aprel ayında azadlıqdan məhrumetməyə məhkum edilib.
Ramin DEKO
.


