ABŞ Azərbaycandakı vəziyyətdən narahatdır

Dövlət katibinin I müavini: “Azərbaycanda insan hüquqları sahəsində görüləsi işlər çoxdur”

“Bizim dünyada ən yaxın əlaqələrimiz insan hüquqları və qanunun aliliyinə hörmət edən ölkələrlədir”

«Qarabağ münaqişəsinin hərb yolu ilə həlli yoxdur»

“Azərbaycanda demokratiya, söz azadlığı, müxalifət fəallarının həbsə atılması ilə bağlı məsələlərdə biz öz narahatlığımızı ifadə etməkdə davam edirik”.
Bunu dünən ABŞ dövlət katibinin birinci müavini Vilyam Börns jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, Ilham Əliyevlə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi yolları barəsində fikir mübadiləsi aparıb. Cənab Börns deyir ki, görüş zamanı müzakirə etdiyi məsələlərdən biri də elə demokratiya sferası olub: “Biz vətəndaş cəmiyyətinin əhəmiyyəti barədə də söhbət elədik. Mən bir daha demokratik və iqtisadi islahatların əhəmiyyətini vurğuladım. Bu, Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının dərin marağını kəsb edən məsələdir. Bu həm də xalqın uzunmüddətli tərəqqi və firavanlığının elementidir. Keçən il dövlət katibi Hillari Klintonun qeyd etdiyi kimi, bizim dünyada ən yaxın əlaqələrimiz insan hüquqları və qanunun aliliyinə hörmət edən ölkələrlədir. Inanmağa davam edirik ki, qanunun aliliyinin gücləndirilməsi, ümumbəşəri dəyərlərə hörmətlə yanaşılması, güclü demokratik təsisatların yaradılması Azərbaycan insanının marağına daxildir. Aydın şəkildə görünür ki, bu sahədə görüləsi işlər çoxdur. ABŞ keçmişdə olduğu kimi demokratik və iqtisadi islahatlara öz dəstəyini bildirəcək”.

Vilyam Börns Bakıda vətəndaş cəmiyyəti təmsilçilərilə də görüş keçirib: “Onların fikirlərinə və ideyalarına öz dəstəyimizi ifadə etmək imkanı əldə etdim. Azərbaycan çox böyük potensiala malik bir ölkədir. Birləşmiş Ştatlar bu potensialı reallaşdırmaq işinə sadiqdir”.
Dövlət katibinin müavini deyir ki, prezident Obama və dövlət katibi Klinton Azərbaycanla ikitərəfli münasibətlərə böyük önəm verir: “Birləşmiş Ştatların Azərbaycanda prioritetləri yenə də təhlükəsizlik, enerji, demokratik və iqtisadi islahatlar olaraq qalır. Biz birgə qlobal məsələlərlə məşğul oluruq. Bunlar arasında zorakı ekstremizmlə mübarizə və enerji təchizat marşrutlarının şaxələndirilməsi də var. Mən prezident Əliyevə Azərbaycanın, Əfqanıstan da daxil olmaqla, beynəlxalq təhlükəsizlik səylərində verdiyi mühüm töhfəyə görə bir daha təşəkkürümü bildirdim”.
“ABŞ Dağlıq Qarabağ məsələsinin həllinə Minsk qrupunun həmsədri olaraq çox güclü, fəal yanaşma sərgiləyir. Bizim yanaşmamız ona əsaslanır ki, bu münaqişənin hərb yolu ilə həlli yoxdur” – diplomat Vilyam Börns bu fikirdədir.
O deyir ki, ABŞ bu məsələyə təxirəsalınmaz, çox vacib məsələ kimi yanaşır: “Biz inanırıq ki, status-kvo uzun müddət davam edə bilməz. ABŞ ən yüksək səviyyədə Minsk qrupu prosesini gücləndirmək və yeniləmək üçün əlindən gələni etmək işinə sadiq olaraq qalır. Həmsədr ölkə olaraq öz məsuliyyətimizə ciddi yanaşırıq”.

“Azadlıq” radiosu