Camaat bayramların gəlişinə sevinir, mənsə əksinə bitməsinə, qurtarmasına sevinirəm. Vallah, məni qınamayın, bunlar bayramları elə bir günə salır, o günü gözləyirsən ki, bircə bu bayram qurtarsın. Hər bir bayramın içində elə bil öz bayramlarını qeyd edirlər: monoton süjetlər, gəlişlər-gedişlər! Adam eyni təsvirlərə nə qədər baxar, eyni sözləri nə qədər dinləyər! Bunlar üçün o hadisələr yalnız bircə aspektdən maraq kəsb edir: özlərini tərif etmək, digər insanlara söz verməmək! Nə isə. Hətta sovetlərin vaxtında belə təbliğat yox idi. Indi isə adam lap bezir…
O gün bunların müxalifətlə birgə keçirdiyi bir tədbiri göstərirdilər. Mən göz gəzdirdim, əsas müxalifətdən bir nəfər də belə, görmədim. Amma əsas müxalifətdən hakimiyyətə tərəf transfer edənlər indi də başda oturmuşdular. Insan psixologiyası çox qəribədir. Indi bunun niyə belə olduğunu araşdırmağa elə bir həvəs yoxdur. Sınanlar, müstəbid rejimə baş əyənlər həmişə çox olur, əyilməyənləri, sınmayanları həmişə barmaqla sayırlar. Bəraətləri sadədir: insan öz karyerası haqda düşünməlidir, oradaca alınmadı, məcbur olub bura – hakimiyyətə tərəf keçdilər. Amma mən tezisə bir düzəliş etmək istərdim: onlar həmişə burada, hakimiyyət tərəfdə olmuş və ona xidmət etmişdilər. Onların prizmasından baxanda biz siyasətdən elə də baş çıxarmayan, qeyri-siyasi, romantik insanlarıq. Amma belədirmi? O mənada onlarla razıyam ki, biz həqiqətən də romantik olmuşuq, özümüzdən çox-çox güclü bir insanla mübarizəyə qoşulmuşuq. Onlar isə həmin güclü insanın yaratdığı torun, sistemin bir vinti olublar. Yox, biz heç də sadəlövh olmamışıq, bunu da deməliyəm. Sadəcə, ona gücümüz çatmadı, buna görə adamı qınamazlar. Amma məni bir detal narahat edir. Azərbaycanda ifşa prosesi getmir və getmədi, hər kəs öz adı ilə çağırılmadı. Bunun səbəbləri o qədər çoxdur, adamın lap başı gicəllənir. Müxalifətdə çox fədakar insanlar var, onların əqidəsinə, əzm – iradəsinə şübhə etmək, yumşaq şəkildə desək, insafsızlıq olardı. Amma bu insanlar keçmişdən qurtulmaq istəmir, keçmişi bir ilgək edib onun içində özlərini boğurlar. Bəli, insanlar aldadıldığını çətin etiraf edir, amma çox çətin olsa da bunu etmək lazımdır. Indi müxalifətdə ən ideyalı insanlar qalıb. Bunu danmaq olmaz. Lakin təxminən 23 illik yolun bir hissəsini kimlərləsə keçmisənsə, o demək deyil ki, onlarla birgə olmusan. Bu, siyasi mübarizə idi. Bir dəfə 20 Yanvar haqqında yazıdaca bunu yazmışdım. Həmin 20 Yanvar günlərində Meydanda kimlər yox idi? Bu, o demək deyildi ki, bizim amal və məqsədimiz tamam eyni idi və üst-üstə düşürdü. O vaxt proseslərdə indiki hakimiyyətin bəzi üzvləri də fəallıq edirdi. Amma onların məqsədi axı nə idi? H.Əliyevi hakimiyyətə gətirmək! Indi biz nə edək, duraq deyək ki, həmin adamlarla bir olmuşuq?! Bəlkə də bu proses də təbii olaraq gedəcək, tələsməyə elə bir əsas yoxdur, necə deyərlər, bizim marşrut hələ ki, gecikir. Amma insan psixologiyasının bir ətaləti də olur. Psixologiyaya həkk olmuş şeyləri çətin silmək olur. Özümüz də istəmədən kimlərisə tarixlərə və yaddaşa çeviririk, axşam evə gələndə isə darısqal mənzillərimizdə gözümüz yuxu ala bilmir, yata bilmirik, yerimizdə qıvrılırıq, siqareti siqarətə calayırıq.
Ərəb baharı və ərəb inadı
Ərəb baharından çox danışdıq, çox yazdıq. Indi gərəkdir ki, ərəb inadından da bir söz açaq. Suriyada, Yəməndə insanlar bir ildir ki, mübarizə aparır. Hə, belə deyəndə biz qayıdırıq ki, bəs, biz də 18 ildir mübarizə aparırıq. Lakin gəlin insafla danışaq. Bizim çoxumuz üçün mübarizə Molla Nəsrəddinin bir lətifəsində deyildiyi kimi, ayağımızı cızıqdan çıxarmaq kimi olub. Adam söz deyəndə də gərək düzünü desin. Təbii ki, mən müxalifətin fədakar insanları haqda demirəm bunu, onlar əziyyətin hər üzünü görüblər. Amma bu ölkənin dərdi təkcə müxalifətə qalıbmı? “Mənim işim çoxdur, vaxtım yoxdur, balam, evim-eşiyim var, müxalifət var, qoy, onlar etiraz etsin!”. Azmı eşitmişik bu tip bəyanatları? Hələ bir müddət də eşidəcəyik. Nə etmək olar? Çarə yoxdur.


