«Park Inn»də keçirilməsinə imkan verilməyən toplantıya Avropa otelində də problem yaradıldı
“Asiya Dialoqu” Ictimai Birliyi dünən “Avropa” otelində “Mavi Mərmərə” ilə azadlığa” mövzusunda konfrans keçirib. Konfrans 2010-cu ilin mayında Fələstinin Qəzza bölgəsinə yardım apararaq “Qəzza blokadası”nı aradan qaldırmaq istəyən “Mavi Mərmərə” gəmisinə Israil basqını, buradakı insan itkilərinə həsr edilib. Hadisələr barəsində konfransda iştirak edən o zaman gəmidə olan şahidlər danışıblar. Öncə Qəzzaya səfəri əks etdirən video-film nümayiş etdirilib.
Daha sonra “Asiya Dialoqu” Ictimai Birliyinin rəhbəri Sevil Nuriyeva tədbirin Azərbaycan istiqlalının 20-ci ildönümü ərəfəsində keçirilməsinin təsadüf olmadığını deyib. Fələstinin azadlığı uğrunda mübarizə apardığını xatırladıb.
“Mavi Mərmərə” gəmisində Qəzzaya yardım aparan Insanlığa Yardım Vəqfinin rəhbəri və yardıma qoşulan insanların lideri Bülent Yıldırım bu səfəri dünyanın harasında olursa-olsun, işğala etiraz kimi dəyərləndirib.
Tədbir zamanı otel rəhbərliyi ilə təşkilatçılar arasında gərginlik yaşanıb. Otel rəhbərliyi “Mavi Mərmərə” gəmisinə basqınları əks etdirən iri həcmli fotoların yığışdırılmasını tələb edib və tədbiri “birtərəfli siyasi tədbir” adlandırıb. Həm də özünü təqdim etməyən türk əsilli baş direktor nə üçünsə bununla “karyerasının bitəcəyini” vurğulayıb. Sonda fotolar yığışdırılıb və tədbir yenə öz adi məcrasına dönüb.
Oxucuların diqqətinə çatdıraq ki, sözügedən tədbirin “Park Inn” otelində keçirilməsi planlaşdırılmışdı. Lakin bir gün qalmış otel rəhbərliyi təşkilatçılara elektrik xətlərinin sıradan çıxdığını deyərək tədbirə yer verməkdən imtina edib. Ona görə də təşkilatçılar “Avropa” otelinə üz tutmalı olublar.
“Park Inn”də isə həmin gün başqa tədbirlər keçirilib və bəlli olub ki, otel rəhbərliyi elektrik xətlərini bəhanə edib. “Park Inn” otelinin sahibi iş adamı Isgəndər Xəlilovdur. Onun yəhudilərlə biznes əlaqələrinin olduğunu nəzərə alsaq tədbirə yer verilməməsinin səbəbi aydın olar.