Əliyev Müstəqillik günündə özünü də, millətini də aşağıladı

Ilham Əliyev bu günə – Müstəqilliyin Bərpasına – münasibətini, fundamental azadlıqlara yanaşmasını, dünyaya baxışını “Əl-Cəzirə” kanalına müsahibəsində ortaya qoydu. Azərbaycanın islahatçı, ingilis dilini bilən, xaricilərlə oturub-duran gənc və perspektivli liderinin nə qədər avtoritar, mənəvi dəyərlərdən, milli ruhdan kənar düşüncəsi varmış, Ilahi!

Azərbaycan xalqının 1988-ci ildən başlayan Milli Azadlıq Hərəkatının üstündən bircə jestlə qələm çəkən Ilham Əliyev, hətta jurnalistin sualı qarşısında da müstəqillik uğrunda mübarizə apardığımızı dilə gətirmədi. Hətta bu mübarizə olmasaydı belə, heç bir prezident öz qüruruna, milli heysiyyatına sığışdırıb belə sözlər deməzdi ki, cənabımız dedi: “Bəziləri deyir ki, müstəqillik uğrunda güclü hərəkat olub. Bəzi respublikalarda güclü hərəkat olub, bəzilərində isə yox. Lakin buna baxmayaraq, bütün respublikalar müstəqillik əldə etdilər. Beləliklə, bu, obyektiv proses idi və Sovetlər Birliyinin süqutu nəticəsində biz müstəqilliyə nail olduq”.

Müstəqilliyin 20-ci ildönümünün dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam verən bir prezident belə sözlər deyərmi? Öz millətinin yaxın tarixini bu qədər təhrif edərmi? Özü-özünə qənim kəsilib, özü-özünü bu qədər kiçildərmi?Sovet Ittifaqı dağıldığı üçünmü Azərbaycan müstəqil oldu? Bəs, 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatı olmasaydı, Sovet Ittifaqı dağılacaqdımı? Azərbaycan öz müstəqilliyi, azadlığı yolunda nələrdən keçmədi? Nə qədər şəhid verdi?
Ilham Əliyevin bu qədər öyünüləsi, fəxr ediləsi bir tarixi inkar etməsini, xalqını və özünü aşağılamasını heç bir halda normal məntiq və ağılla başa düşmək mümkün deyil.
Onu qınamıram: axı, xəbəri yoxdur o mübarizədən! Yüz minlər, milyonlar meydana toplaşıb “Azadlıq” qışqıranda, 1989-cu ildə meydana Azərbaycanın azadlıq və müstəqillik simvolu olan Üçrəngli Bayraq gətiriləndə Ilham Əliyev haradaydı? Nə işlə məşğul idi?
Azərbaycan xalqı 1989-cu ildə “dünyanın ən mübariz xalqı” adını qazananda Ilham Əliyev yox idi, axı, ölkədə! Bu “mübariz” adını Sovet Ittifaqının dağılması və “obyektiv səbəblə” müstəqil olmağımıza görəmi almışdıq?
1990-cı ilin 20 yanvarında xalq çılpaq yumruqları, şəxsi maşınları ilə rus ordusunun qarşısına çıxıb, işğalçıları doğma və azad şəhərlərinə buraxmaq istəməyəndə də Ilham Əliyev Azərbaycanda yox idi. O bilmir ki, burada kimlər canından, kimlər qanından, kimlər varından keçib azadlıq üçün: bilmir, oxumur, öyrənmir, xalqının ən yaxın tarixindən xəbərsizdir.
O, yalnız 1993-cü ili xatırlayır. Ki, həmin vaxt Azərbaycan xalqı canı və qanıyla qurduğu bir dövləti qoruma mücadiləsinə başlamışdı: Rusiya və Iran casusları, rus və farsa işləyən daxili güclər Azərbaycan Milli Ordusunun Dağlıq Qarabağda başlatdığı çox uğurlu əməliyyatların qarşısını almaq üçün çəkişmələr yaradır, min hiylə qurur, bu dövləti məhv etmək istəyirdilər. Çünki 1992-ci il iyunun 12-də başlayan Ağdərə əməliyyatı ilə Azərbaycan xalqının gücünü görən ermənilər artıq sürətlə Xankəndini tərk etməyə başlamışdılar və bu barədə erməni televiziyaları hay-haray salmışdı.
Amma “xatırlamır” ki, Azərbaycan ordusu son və həlledici zərbəyə hazırlaşdığı bir məqamda – 1992-ci ilin sonlarına doğru Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikası Ermənistanla “Sülh sazişi” imzaladı. Məhz bu “imzalanmadan” sonra ermənilər Naxçıvanla sərhəddəki Sasun David korpusunu da Qarabağa gətirdilər və ordumuzun hücumunun qarşısını ala bildilər. Həmin vaxtı Naxçıvandan Irəvana qədər olan 80 kilometrlik ərazidə nümunə üçün göstərməyə bir erməni əsgəri də qalmamışdı. Ermənilər nədənsə Naxçıvanın Ermənistana hücum etməyəcəyinə bu qədər əmin idilər. Nədənsə!!!
Ancaq yox və bir daha yox! Bütün bunların heç biri – hakimiyyət uğrunda oyunlar, obyektiv-subyektiv səbəblər Ilham Əliyevə Azərbaycanın müstəqillik uğrunda mübarizə aparmasını təhrif etməyə, bunu “obyektiv səbəblə” izahlamağa əsas vermir.
Bir millətin müstəqillik mübarizəsi onun ləyaqət və qürurudur, tarixinin ən öyünülən və şərəfli səhifəsidir. Mənim prezidentim millətinin bu şərəf tarixi ilə fəxr etmək, qürurlanmaq əvəzinə, görün, özünü necə kiçildir, millətini necə aşağılayır, şəhidlərimizə necə hörmətsizlik edir.Yazıqlar olsun bu millətə…