Nəqliyyat naziri Koreya şirkəti ilə niyə işləmək istəməyib?
Azərbaycanın ölkədə yüksək sürətli dəmir yollarının inşa olunması ideyasından imtina etməsinin səbəbləri barədə maraqlı məlumatlar əldə etmişik.
Qeyd edək ki, Azərbaycanda sürətli dəmiryolu və qatarların istismara verilməsi layihəsi ideyası bir neçə il əvvəl müzakirə olunurdu. Bununla əlaqədar, Cənubi Koreya şirkətlərindən biri Azərbaycan tərəfinə konkret layihə də təqdim etmişdi. Həmin layihəyə əsasən, Bakıdan Gürcüstan sərhədinədək istiqamətdə qatarların sürətinin 180 km/saata çatdırılması nəzərdə tutulurdu. Nəqliyyat naziri Ziya Məmmədov sözügedən layihə ilə bağlı Koreya tərəfilə bağlı çoxsaylı danışıqlar aparıb. Hətta nazir artıq razılığın əldə olunduğu barədə açıqlamalar vermişdi.
“Azərbaycan Dəmir Yolları” QSC-nin baş mühəndisi Qurban Nəzirov isə bildirib ki, artıq bu layihədən imtina edilib.
O, bunu layihənin baha başa gəlməsi ilə izah edib: “Koreyalıların layihəsinə əsasən, sürətli dəmiryolunun qurulması 3 mlrd. dollara başa gəlməlidir”.
Lakin əldə etdiyimiz məlumatlarda bildirilir ki, layihədən imtinaya səbəb “WikiLeaks” saytının ABŞ səfirliyinin iqtisadi məsələlərlə məşğul olan əməkdaşlarının Cənubi Koreyanın Inşaat və Nəqliyyat Nazirliyinin departament direktoru Yonq Seoq Kimlə müzakirələrini yaymasıdır.
Bu müzakirələrin təfərrüatları ABŞ-ın Azərbaycanda səfiri olmuş Enn Dersinin Vaşinqtona göndərdiyi məxfi teleqramda yer alıb. Cənubi Koreya rəsmisi bildirib ki, Azərbaycanda biznes mühiti Orta Asiyadakından da pisdir. Yonq Seoq Kim ölkəsinə məxsus şirkətlərin Azərbaycan hökuməti və ayrı-ayrı şirkətlərlə əməkdaşlıq müqaviləsi imzalayarkən ciddi problemlərlə üzləşmələrindən şikayətlənib. O deyib ki, neft-qaz sektoru Qərb şirkətlərinin nəzarətində olduğu üçün Koreya şirkətləri əsasən tikinti və nəqliyyat sektoruna maraq göstərir. Lakin bu sahədə də Azərbaycan hökumətinin yaratdığı ciddi problemlərlə üzləşirlər.
Cənubi Koreya rəsmisi ölkəsinin ən iri tikinti şirkətlərindən olan “GS”ə fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən problemlər yaradıldığını da deyib. Onun sözlərinə görə, “GS” “fövqəlnazir”ə məxsus olduğu bildirilən “Gilan Holdinq”lə münasibətləri pisləşdiyinə görə paytaxtın mərkəzindəki ofisindən çıxarılıb və şirkətin əməkdaşları Cənubi Koreyaya geri qaytarılıb.
Yonq Seoq Kim səfirlik əməkdaşlarına yuxarıda qeyd etdiyimiz layihə barədə də danışıb. O, bildirib ki, yaxın günlərdə Nəqliyyat Nazirliyi ilə yeni müqavilənin müzakirəsinin aparıldığı zaman gözlənilməz vəziyyətin şahidi olub. Nazirliyin hüquqşünasları mövcud problemlərin müzakirəsi və aradan qaldırılması əvəzinə müqavilənin tez imzalanmasına çalışıblar. Kimin sözlərinə görə, koreyalı şirkətlər imzalanan müqavilələrdə bütün detalların qeyd olunmasında maraqlı olsa da, nazirliyin bu qayğıları nəzərə almaması koreyalıları dəhşətə gətirib.
Məlumatlara görə, bu təfərrüatlar yayılandan sonra Ziya Məmmədov Koreya şirkətləri ilə işbirliyi yapmaq fikrindən daşınıb. Nazir ehtiyat edib ki, bu layihə ilə bağlı mübhəm məqamları da ictimailəşə bilər. Bu baxımdan layihədən imtina edilib. Bildirilir ki, Ziya Məmmədov bundan sonra heç bir sahədə Koreya şirkətləri ilə əməkdaşlıq etmək niyyətində deyil.
İnformasiya şöbəsi